Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Koronavirusdan sağalanlar yenidən xəstəliyə yoluxa bilər” - HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
Son günlər insanlar arasında soyuqdəymə halları çoxalıb. Bu da kifayət qədər təlaş yaradır. İnsanlar koronavirus, yoxsa adi qripə yoluxduqlarını müəyyən etməkdə çətinlik yaradır. Üstəlik koronavirusa yoluxan və sağalan şəxslər normal həyat tərzlərinə də qayıda bilmirlər.
Bəs insanlar koronavirus xəstəliyindən sağaldıqdan sonra immuniteti necə möhkəmləndirsinlər? Bunun üçün hansı addımlar atılmalıdır?
Bu barədə Oxu.Az-ın suallarını Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin rəisi, təcili yardım həkimi Rəna Qasımova cavablandırıb.
Onun sözlərinə görə, kəskin respirator infeksiyalara aid olan COVİD-19-la ilk olaraq insanın immuniteti mübarizəyə başlayır:
“Lakin bu xəstəlikdən sağalan pasiyentlər uzun müddət əvvəlki normal həyat tərzinə qayıtmaqda çətinlik çəkirlər. Onları ümumi zəiflik, həddən artıq yorğunluq narahat edir, iş qabiliyyəti aşağı düşür. Koronavirus keçirmiş xəstələr tez-tez soyuqdəyməyə məruz qalır, onların orqanizmində olan xroniki xəstəliklər kəskinləşir. COVİD-19 virusu insan orqanizminə daxil olduqda immun sistemi qoruyucu mexanizmləri işə salır və bunlar virusun məhv edilməsinə qarşı mübarizəyə başlayır, infeksiya prosesinin yayılmasını azaldır, virusun orqanizmdən çıxarılmasına cəhd edir. Koronavirus xəstəsi sağaldıqdan sonra onun immun sistemi zəifləmiş halda olur. Onu möhkəmləndirmək üçün ilk öncə, sağlam həyat tərzinə riayət etmək, alkoqollu içkilərdən və siqaretdən imtina etmək lazımdır. Açıq havada çox gəzmək və gündəlik 7-8 saat yatmaq vacib şərtlərdəndir. Belə ki, yuxu tam olanda (yaşlı insanlar üçün bu, 6-7 saat da ola bilər) immunitet möhkəmlənir. Qidalanmada daha çox tərəvəzdən (xüsusilə, göyərti), müxtəlif meyvə, giləmeyvələr və mütləq ədviyyatlardan (sarımsaq, sarıkök, zəncəfil, qara istiot və s.) istifadə etmək lazımdır”.
Həkim bildirib ki, koronavirusa yoluxan və sağalan şəxslər yenidən bu virusa yoluxa bilər:
“Bəzən koronavirusdan sağalmış insanlar hesab edirlər ki, bu virusa yoluxub sağaldıqdan sonra onların bədənlərində anticisimlər yaranır və onlar yenidən yoluxa bilməz. Bu, tamamilə səhv fikirdir. Sağalmış koronavirus xəstələrinin heç də hamısında mükəmməl anticisimlər yaranmır və ya yaranırsa da, onların səviyyəsi zaman keçdikcə aşağı düşə bilir. Bununla da pasiyent ikinci dəfə koronavirusa yoluxa bilər. Hazırda bütün dünyada, o cümlədən, Azərbaycanda da bu təhlükəli virusa qarşı hələlik bir etibarlı vasitə - vaksinasiya həyata keçirilir. Bir tərəfdən gigiyenik qaydalara ciddi riayət edilməsi - qızıl qaydalar: maska, tez-tez əlləri yumaq, məsafə gözləmək, kütləvi tədbirlərdən uzaq olmaq, digər tərəfdən isə vaksinasiya COVİD-19 infeksiyasına qarşı mübarizəmizin əsasını təşkil edir. Yoluxmaların və dünyasını dəyişənlərin sayının gündən-günə artmasının, dördüncü dalğanın gəlməsinin qarşısını almaq üçün bu sadə qaydalara riayət edin və peyvənd olunun ki, özünüzü və əzizlərinizi bu dəhşətli bəladan qoruyasınız”.
Könül Cəfərli
Rəylər