"Şəhər və kənd arasındakı rəqəmsal uçurumu azaltmaq istəyirik".
Oxu.Az xəbər verir ki, bunu BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun direktoru Dr. Kosmas Lakison Zavazava Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, texnologiya mövcud olsa da, sürət və şəbəkə əhatəsi baxımından fərqlər hələ də qalır:
"Rəqəmsal bacarıqlara investisiya etmək vacibdir ki, texnologiyadan istifadə hər kəs üçün əlçatan olsun. MDB regionu gender bərabərliyinə yaxınlaşan bölgələrdən biridir. Avropada isə rəqəmsal sahədə qadın və kişilərin təmsilçiliyi artıq demək olar ki, bərabərləşib".
BTİ rəsmisi həmçinin rəqəmsal bacarıq fərqləri, innovasiya bərabərsizliyi və yeni texnologiyaların yaratdığı təhlükəsizlik riskləri - kiberhücumlar, dezinformasiya, dərin saxtalaşdırmalar və süni intellekt "halüsinasiyaları" ilə bağlı narahat olduğunu söyləyib:
"Uşaqların və gənclərin onlayn məkanda müdafiəsi bizim üçün prioritetdir. Bu konfransda qəbul ediləcək qərarlar qarşıdakı dörd ilə təsir göstərəcək".
Aygün Mirakif