Estetik tibb həkimi, kosmetoloq Günay Əliyeva bir ildən artıqdır ki, Vətən Müharibəsi iştirakçılarına pulsuz yardım edir.
Bu günə qədər müxtəlif çapıq, yanıq izləri olan yüzə yaxın hərbçi onun qəbulunda olub, ürək ağrıdan hekayələrini mütəxəssislə bölüşüblər.
Media.Az-a açıqlama verən Günay Əliyeva qəhrəman hərbçilərimizin fədakarlıq nümunələrindən bəzilərini bizə nəql edib.
“Məni xüsusilə Samuratın əhvalatı təsirləndirdi, mərmi onlara tərəf uçan zaman o və bir neçə başqa əsgər səngərdə olublar. Silahdaşları onu mərmi tutmasın deyə, sipər olaraq qarşısında dayanıblar. Bunun sayəsində Samurat sağ qalsa da, onlar şəhid olublar”, - kosmetoloq-həkim bildirib.
Günay Əliyeva Samuratın sonrakı taleyini isə belə nəql edir:
“Onun bədəninin bir hissəsi çox ağır formada zədələnmişdi, demək olar ki, sifətinin yarısı yox idi. Bədəni xəstəxanaya aparılan zaman tərpənməsin və çoxlu qan itirməsin deyə o, təcili yardım maşınında canını onun sağ qalması üçün fəda etmiş hərbçilərin arasına uzadılıb. Özünün dediyi kimi, silahdaşları şəhid olsa da, onun sağ qalması üçün hər şey ediblər. YAŞAT fondunun dəstəyilə Samurat Türkiyəyə əməliyyata göndərilib”.
Kosmetoloq-həkim qeyd edib ki, müharibənin ən çətin anlarında hərbçilərimizə yaxın olan dostlarının onların gözləri qarşısında necə öldüyünə dair hekayələri dinləmək çox çətindir:
“Məsələn, xüsusi təyinatlı dəstənin hərbçisi ölmüş dostunu çiynində səngərdən çıxarmaq istəyərkən necə yaralandığı barədə hekayəsini danışmışdı. Başqa bir müharibə qazisi isə atəş nəticəsində onlarla silahdaşının arasından yalnız özünün necə sağ qalmasını nəql edirdi. Niyə yalnız özünün sağ qaldığı sualı ona əzab verdiyi üçün psixoloji yardım alırdı. O, gecələr hələ də yaxşı yata bilmir. Bəzi hərbçilərin çox dərin psixoloji sarsıntıları var. Onları dinləmək çox çətindir, amma mən bunu məmnunluqla edirəm, onlara mənəvi cəhətdən də kömək etməyə çalışıram. Artıq bir çoxları ilə dostluq edir, görüşür, ad günlərini və digər bayramları birgə qeyd edirik…”