Lənkəran rayonu, Zövlə kənd orta məktəbinin qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Bunu Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev bildirib.
O qeyd edib ki, mütəxəssislər tərəfindən əraziyə keçirilən baxış zamanı məktəbin qarşısındakı lüqustr ağaclarının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi, lakin bioloji inkişafdan dayanmadığı müəyyən edilib:
“Araşdırma zamanı ağacların vətəndaş Tələt Cabbarov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs 1800 manat məbləğində cərimələnib”.
Xidmət rəsmisinin sözlərinə görə, ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin direktoruna məcburi göstəriş verilib.
10:56
Lənkəran rayonunun Zövlə kəndində həmişəyaşıl ağacları kəsirlər.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, yeni təmir edilmiş məktəbin qarşısındakı həmişəyaşıl ağaclar kəsilir.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lənkəran rayonu, Zövlə kəndindəki məktəbin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılmış məlumatlarla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən hazırda araşdırma aparılır:
“Nəticəsi barədə məlumat veriləcək”.
İlhamə Əbülfət