Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 25-də, saat 01:45-də Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. Xəsarət alanların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə gecə saat 1:00-da şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Lənkəran sakini Zahid Rasim oğlu Abbaszadə sürdüyü 50-EX-540 dövlət nömrə nişanlı "Toyota Prius" avtomobilində idarəetməni itirib və onu əvvəlcə qaz borusuna, daha sonra isə yol kənarında dayanmış Fikrət Əhədova məxsus "Mercedes-Benz" markalı avtomobilə çırpıb.
Nəticədə sürücü və yanında olan qardaşı xəsarət aldıqları üçün təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova