Milli Mətbuat gününün 139-cu ildönümü münasibəti ilə Qafqaz Media İctimai Birliyinin təsis etdiyi media mükafatları öz qaliblərinə təqdim olunub. “İlin ən yaxşı radiosu” adını Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərən 107.7 “AvtoFM” qazanıb.
Oxu.Az “AvtoFM” radiostansiyasının PR meneceri Leyla Məmmədova ilə müsahibəni təqdim edir:
- 107.7 “AvtoFM” “İlin ən yaxşı radiosu” nominasiyasında qalib oldu. Bu uğuru əməkdaşlarınızla necə qeyd etdiniz?
- Bizim radiostansiya fm dalğalarda yayımlanan ən gənc radiodur. Bu uğur bizim üçün gözlənilməz olsa da əməkdaşlarımız tərəfindən təəccüblə qarşılanmadı. Radio yeni təsis olunmasına baxmayaraq əməkdaşlarımız öz sahələrində yüksək səriştəyə malik olan peşəkarlardır. Biz bu uğuru çox sakit qarşıladıq. Kollektiv başa düşür ki, bu mükafat bizim gələcək nailiyyətlərimizin başlanğıcıdır.
Fürsətdən istifadə edib mükafatın təsisçisi Qafqaz Media İctimai Birliyinə öz minnətdarlığımı bildirir, bütün jurnalist həmkarlarımızı və əlbəttə ki, sizi peşəkar bayramınız münasibəti ilə təbrik edirəm.
- Sizcə bu uğurun arxasında nə dayanır? Sizi digər radiolardan nə fərqləndirir?

- Bizi radio kimi fərqləndirən əməkdaşlarımızdır. Məhz onların gərgin əməyi sayəsində qeyri-mümkün olan mümkünə çevrildi. “AvtoFM” kollektivi gənc, kreativ və təkrarolunmazdır.
Radio yeni yaradıldığından bizim avadanlıqlar ən müasir tələblərə cavab verir. Biz ən son texnologiyalardan istifadə edirik. Müasir texnologiyalar, efirimizdə səslənən musiqi, ələlxüsus Bakı yollarındakı son durum barədə mütəmadi yaydığımız informasiya bizi fərqli edir.
Biz dinləyicilərimizə düzgün yol seçməyə və mənzil başına daha rahat və tez çatmağa kömək edirik. Yollardakı cari vəziyyət, təmir və bərpa işləri, arzuolunmaz və qaçılmaz olsa da qəzalar haqqında məlumatlar ilk olaraq məhz “AvtoFM”-də səslənir. Biz hər bir sürücünün yaxın dostu və yol yoldaşıyıq.
“AvtoFM”-i fərqli edən həm də dinləyicilərimizdir. Bizim anlamımızda dinləyicilərimiz əgər bizə qulaq asırlarsa deməli, özləri hamıdan fərqlənirlər. Fərqli insanların fərqli radiosuyuq. Buna nail olmaq çətin idi. Dinləyicilərimiz fərqli, zövqləri müxtəlifdir. Biz bu fərqli zövqləri musiqi tərtibatımız və yayım keyfiyyətimizlə birləşdirib uğurlu bir sinerji yarada bilmişik.
- Radionun yeni mövsüm üçün planları nədən ibarətdir?

- Biz yeni mövsümdən ölkə ərazisində yayımımızı daha da genişləndirməyi planlaşdırırıq. Fikrimcə ən böyük uğurumuz bütün Azərbaycan ərazisində yayımımızın fasiləsiz təşkilinə nail olmağımız olacaq.
Biz eyni zamanda efirimizin ayrılmaz hissəsi olan yollardakı vəziyyət barədə daha dəqiq və müfəssəl məlumatlar, mərkəzi küçələrlə yanaşı, şəhərətrafı qəsəbələrdəki vəziyyət, nəqliyyat sektorundakı qazanılan nailiyyətlər barədə məlumatları operativ olaraq çatdıracağıq.
- Sizə fəaliyyətinizdə uğurlar arzu edirik.
- Təşəkkür edirəm. Ümid edirik növbəti müsahibə üçün yeni “bəhanə” olacaq uğur əldə edəcəyik.
Foto: Nüsrət Abdullayev
www.oxu.az