Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lökbatanın “45”i: Vulkan ətəyindən neft necə çıxarıldı? - REPORTAJ + FOTO
Görkəmli geoloq alim, professor Baxşəli (Baxış) bəy Sultanovun təkidi ilə ilk dəfə Lökbatan palçıq vulkanının ətəyində 13 aprel 1933-cü ildə 45 saylı quyu qazılmağa başlayır və həmin il mayın 18-də güclü neft fontanı vurur. Quyudan sutkalıq orta hesabla 20 min ton neft hasil edilir.
Deyilənlərə görə, Lökbatanın 45 nömrəli telefon seriyası da quyunun şərəfinə qoyulub.
Oxu.Az-ın əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisinə səfər edərək, palçıq vulkanının ətəyində yerləşən 45 saylı və digər quyularla tanış olublar.
Püskürən vulkan, üzə çıxan neft...
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ilk sıradadır. Alimlərin fikrincə, palçıq vulkanları həm də neft-qaz təzahürlüdür. Palçıq vulkanları sülb və qaz püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) olur.
Palçıq vulkanları ilə neft-qaz yataqları arasında olan genetik əlaqə bir çox neftçi-geoloqlar tərəfindən inkar edilirdi. Onların əksəriyyəti hesab edirdi ki, vulkanlar yer təkində yataqları dağıdır və onların yerləşdiyi sahələr sənaye baxımından perspektivli olmur.
Buna baxmayaraq, Baxşəli (Baxış) bəy Sultanov tərəfindən Lökbatan palçıq vulkanının ətəyində 45 saylı quyunun qazılması təklif edilir, 1933-cü ilin aprel ayında qazma işlərinə başlanılır və qazma zamanı quyu güclü neft fontanı vurur.
Ə.C.Əmirov NQÇİ-nin neçə yatağında istismar işləri aparılır?
SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1 iyun 1936-cı ildə Lökbatan mədəninin bazasında “Molotovneft” tresti yaradılır. Sonralar müxtəlif vaxtlarda bu trest fərqli - “Molotovneft” Neft Mədən İdarəsi, “Qaradağneft” Neft Mədən İdarəsi, “Qaradağneft” Neft və Qazçıxarma İdarəsi, 26 Bakı komissarları adına Neft və Qazçıxarma İdarəsi adları altında fəaliyyət göstərib.
Sonra Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli qərarı ilə idarə Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi adlandırılır.
NQÇİ Qaradağ rayonu ərazisində yerləşir. Bura quruda yaranan ilk neft və qazçıxarma idarələrindən biridir.
NQÇİ-nin Hasilatın İdarəedilməsi Xidmətinin rəisi Əli Nəzərovun sözlərinə görə, hazırda 10 yataqda istismar işləri aparılır:
“İdarənin ərazisi 26 599,6 hektardır. Hazırda “Lökbatan-Puta-Quşxana”, “Şabandağ-Şubanı-Yasamal Dərəsi-Atəşgah”, “Korgöz-Qızıltəpə-Şonqar”, “Qaradağ”, “Muradxanlı”, “Cəfərli”, “Qalmaz”, “Tərsdəllər”, “Naftalan” neft yataqları və “Bəndovan” qaz yatağında istismar işləri aparılır. İdarənin tərkibində ən qədim yataq “Şabandağ-Şubanı-Yasamal Dərəsi-Atəşgah” yatağıdır və 1908-ci ildən istismara daxil olub. Ən cavan yataq “Cəfərli”dir və 1984-cü ildən istismara daxil olub”.
Səfərəliyevin sahəsində qazılan quyu
“Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah” yatağı ayrı-ayrı işlənmə sahələrindən ibarət vahid yataq kimi qəbul edilir. Şabandağ sahəsi Bakı şəhərindən doqquz kilometr qərbdə, eyniadlı dağ silsiləsində, Yasamal və Qobu dərələri arasında yerləşir. Yatağın dəqiq geoloji tədqiqi 1912-ci ildə D.V.Qolubyatnikov, 1930-cu ildə M.İ.Qutman tərəfindən aparılıb. Sahədə istismar işlərinə 1945-ci ildən başlanılıb.
Yatağı açan 913 saylı quyunun gündəlik hasilatı 21 ton olub. Ümumiyyətlə, sahədə XX əsrin ilk dekadasına aid edilən çoxlu sayda əl ilə qazılan dayaz quyular olub. Şabandağ sahəsində indiyədək 145 quyu qazılıb.
Şubanı sahəsində neft almaq üçün ilk əl quyusu XIV əsrin əvvəllərində qazılıb. 1825-ci ildə də burada əl ilə qazılmış quyulardan neft çıxarıldığı məlumdur. 1883-cü ildə “Nobel qardaşları” şirkəti Heybət stansiyasının yaxınlığında neftyığma məntəqəsi təşkil edib, oradan Binəqədiyə neft kəməri çəkdirib.
1913-cü ildən başlayaraq Şubanıda zərbə üsulu ilə quyular qazılıb. 1915-ci ildə sahibkar Səfərəliyevin sahəsində qazılan 1 saylı quyu 252 metr dərinlikdən güclü neft fontanı vurub. Şubanı sahəsi 1931-ci ildən 1942-ci ilə kimi konservasiyada olub.
Yasamal dərəsi, ən cavan “Cəfərli” yatağı
Yasamal dərəsi sahəsi Bakı şəhərindən beş km qərbdə, Atəşgah-Şabandağ dağ silsiləsinin şərq qanadındakı dərədə yerləşir. Sahəni ilk dəfə 1912-ci ildə D.V.Qolubyatnikov tədqiq edib. Yasamal dərəsi sahəsi 1932-ci ildə 631 saylı quyunun işə düşməsi ilə açılıb.
Atəşgah sahəsi Lökbatan və Şubanı qırışığı çökəkliyində yerləşir. Sahə 1949-cu ildə 865 saylı quyu ilə açılıb. Sənaye əhəmiyyətli neft, əsasən, məhsuldar qatın VIII horizontunda aşkar edilib.
Ən cavan “Cəfərli” yatağı İmişli rayonu ərazisində yerləşir. 1984-ci ildə istismara daxil edilən yataqda 4 020 metr dərinlikli 1 saylı kəşfiyyat quyusu sutkalıq təxminən 130 ton neft verib. Yataqda kəşfiyyat işləri tam başa çatdırılmayıb. “Cəfərli” yatağında ən yüksək neft hasilatı orta hesabla sutkada 152 ton olub və indiyədək yataqda 27 quyu qazılıb.
Buradakı yataqların ən qədimi “Şabandağ-Şubanı-Yasamal Dərəsi-Atəşgah” yatağı olub, işlənməyə 1908-ci ildən başlanıb. Yataqlardan ən çox neft “Lökbatan-Puta-Quşxana” yatağında 1936-cı ildə hasil edilib (2 milyon 266 min ton (6 208 t/gün).
NQÇİ-nin ərazilərində kəşfiyyat işi aparılırmı?
Ə.Nəzərov bildirib ki, NQÇİ-nin ərazilərində hazırda heç bir kəşfiyyat işi aparılmır:
“Neft veriminin artırılması üçün ləğv fondundan seçilmiş quyuların yan lülə ilə qazılaraq istismara qaytarılması, fəaliyyətsiz fondda olan quyuların təmir edilərək istismara qaytarılması, həmçinin istismar qazmasının aparılması planlaşdırılır”.
Ötən əsrin əvvəllərindən istismar edilən “Lökbatan” yatağında bu gün quyuların yan lülə qazma ilə istismara qaytarılması işləri uğurla davam etdirilir.
Hazırda Azərbaycanda, xüsusən də Cənubi Xəzərdə istismarda olan neft-qaz, kondensat yataqlarının əksəriyyəti palçıq vulkanı ilə mürəkkəbləşmiş strukturlar ilə əlaqədardır və sənaye əhəmiyyətlidir.
Əminliklə deyə bilərik ki, palçıq vulkanları təbii kəşfiyyat quyularının rolunu yerinə yetirir və yer təkinin, xüsusilə qazma işləri aşkar olmayan dərinliklərin neft-qazlılığı barədə neftçi-geoloqlara çox vacib məlumatlar verir.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Azneft" teqi üzrə xəbərlər
- Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- “Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Rəylər