Bu günlərdə bir sıra yerli KİV-də “Luqansk Xalq Respublikası”nın (Ukraynanın şərqində separatçı birləşmə) “baş prokuroru” vəzifəsinə etnik azərbaycanlı Zaur İsmayılovun təyin edildiyi barədə məlumat dərc edilib.
Məlumata müvafiq olaraq, Z.İsmayılov Luqansk vilayəti prokurorluğunun şöbələrindən birinə rəhbərlik edib, amma hərbi əməliyyatlar başladıqdan və “LXR” yaradıldıqdan sonra separatçılara qoşulub. Tezliklə “LXR” “hakimiyyəti” onu “baş prokuror” vəzifəsinə təyin edib.
Oxu.Az xəbər verir ki, Vesti.Az “LXR” “baş prokuroru” Zaur İsmayılovu taparaq onunla kiçik bir müsahibə hazırlamağa müvəffəq olub, həmin müsahibəni sizə təqdim edirik.
- Zaur müəllim, bizim suallarımıza cavab verməyə razılaşdığınız üçün təşəkkür edirik. İlk növbədə özünüz haqqında danışın.
- Mən Voroşilovqrad vilayətinin Krasnıy Luç şəhərində anadan olmuşam. İndi bu Luqansk vilayətidir. Atam əslən Mingəçevirdəndir.
Məktəbi bitirdikdən sonra Xarkov Hüquq Akademiyasına daxil olmuşam, 2000-ci ildə oranı bitirmişəm. O dövrdən də ixtisasım üzrə işləyirəm.
- Luqansk separatçılarına tərəf keçdikdə nəyi rəhbər tutmuşdunuz? Niyə Kiyevdə qanuni hakimiyyəti deyil, məhz onları dəstəklədiniz, axı siz vilayət prokurorluğunda işləyirdiniz?
- Ukrayna prokurorluğu orqanlarından istefa etmişəm, Luqanskın “hakimiyyət”i (dırnaq işarəsi - Vesti.Az) tərəfinə keçməmişəm. KİV-də yazıldığı kimi mən satqın deyiləm.
Nəyi rəhbər tutmuşdum? Burada doğulmağımı, valideynlərimin burada yaşamasını, buranın mənim torpağım və vətənim olmasını. İşləməyə hara gedim?
- Yeri gəlmişkən iş haqqında KİV Luqansk vilayətində cinayətkarlığın baş alması haqqında yazır...
- Cinayətkarlıq və banditizm burada mövcud deyil. Bizə siqnal daxil olan kimi ona operativ şəkildə reaksiya veririk.
- Kiyevin Donetsk və Luqanskda hakimiyyətini bərqərar etdikdən sonra Ukraynanın qanuni hakimiyyəti tərəfindən cinayət təqibindən çəkinmirsiz?
- Çəkiniləsi heç nəyim yoxdur.
- Luqansk və Donetskin Ukraynanın tərkibinə qayıtmayacağını hesab edirsiz?
- Buna dair şərh verə bilmərəm, amma hesab edirəm ki, ədalət bərqərar olmalıdır. Əgər insanlar öz müqəddəratlarını həll etmək istəyirlərsə, bu onların konstitusion hüququdur. Ukraynanın etdiyi isə güc üsuludur və siz görürsünüz ki, bu nəyə gətirib çıxarır. Bir daha təkrar edirəm – bura mənim vətənimdir və mən öz vəzifələrimi yerinə yetirə biləcəyim qədər burada olacam.
- Şəhərdə azərbaycanlılar qalıb? Onlarla ünsiyyət qurursunuz?
- Bəli, şəhərdə azərbaycanlılar qalıb və bizim münasibətimiz var. Axı, mənim atam müsəlmandır, köhnə ənənələrə sadiqdir, bizi də bu ruhda tərbiyə edib.
- Əcdadlarınızın vətənində olmusuz?
- Azərbaycanda uşaq ikən olmuşam, 11-12 yaşım olardı. Mən orda 4 ay qonaq oldum. Məhz o zamanlarda Dağlıq Qarabağ ətrafında münaqişə başlandı və atam məni Ukraynaya apardı. Amma Azərbaycanda, əsasən də Yevlax və Mingəçevir rayonlarında qohumlarım: nənəm, babam, əmim və bibilərim yaşayırlar.
- Yeri gəlmişkən, Qarabağ haqqında. Bu münaqişə barədə nə bilirsiz?
- Tarixdə və KİV-ə məlum olanları, yəni səthi. Sadəcə bilirəm ki, ermənilər və azərbaycanlılar Qarabağ uğrunda döyüşüblər. Əmim Qarabağda döyüşüb. Bildiyim yalnız budur.