Kubra Məhərrəmova yazır...
Bizim cəmiyyətdə hansısa qəliz və kəskin məsələni yumşaltmaq istəyənlərə malavuran deyirlər. Yəni məsələni suvadı getdi.
Əslinə qalanda bu elə bizim ənənəvi olaraq böhran məsələlərini həll etmə vasitəmizdi. Çox vaxt rəsmi qurumlar da bundan istifadə edirlər.
Toplum olaraq problemi həll etmək yox, məsələni malalamaq bizim üçün daha rahatdı.
Son bir ayda gündəm elə sürətlə dəyişir ki, bir Wi-fi -dan o birinə çatan kimi görürsən ki, yenə toy kasetinin növbəti epizodu çıxıb. Toyda qol qaldırıb süzənlərə töhmət verilib. AMEA-nın saytında daha bir akademik məqalə dərc olunub. Gömrük limiti 300 dollara salıb. Və bütün bunlar azmış kimi BNA – da axırıncı yolun sağında oturmağa qərar verib.
BNA yaranan gündən elə bu qurum adi vətəndaşlar tərəfindən yumşaq desək tənqid olunur. Dünən maşınını saxlayan adam bu gün həmin yerdə 20 manat cərimə olunur. Parklama aparatları işləmir, hansısa əmilər pul yığır.
Köhnə avtobuslar öz qaydasında marşrut xəttinə çıxır. Koronavirus pandemiyası dövründə insanlar bir-birini qucaqlayıb işə gedir. Şəhər tıxac içində batır.
Say-say bitməyəcək. Lap məlum toyun epizodları kimi.
Və bu qədər həll olunası problemin içində bir gün BNA ayılır ki, bəs bizim dağ boyda taksi problemimiz var. Sən demə Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.
Sən demə əsas məsələ taksi sürücülərinin əmək şəraitinin yaxşılaşdırılması, sosial rifahın və gəlirlərin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması imiş. Biz də deyirik “əjdaha başı”.
Amma ARB-nın efirinə çıxan BNA-nın şöbə müdiri, təcrübəli kadr Hikmət Babayev bunu demədi. Hikmət müəllim açıq dedi ki, “ ay kasıblar, ay yesir-yetimlər, sizə taksi yaraşmır. Ver 30 qəpiyini min basa-bas avtobuslara, cəhənnəm ol evinə”. Yəni dediyindən belə çıxdı.
Efirdə isə bunu dedi: “ Taksidən istifadə etmək, necə ki, əvvəlki dönəmdə olduğu kimi müəyyən imkanlara bağlı olan bir şeydir. Taksidən yararlanmaq olar, amma bunu gündəlik nəqliyyat vasitəsinə çevirmək bir az düzgün deyil”.
Hikmət müəllim, birdən mən toya getməli olsam, hansı qısa nömrəyə SMS göndərməliyəm ki, siz və sizin qurum mənə taksidən istifadə etməyə icazə versin? Söz verirəm bundan sonra taksidən digər məqsədlər üçün istifadə etməyəcəm.
Açığı son zamanlar toy da yoxdur ki, gedək. Amma avqustun 18-i elə toy oldu ki, hələ də tikə-tikə baxırıq. Bütov toy kaseti də çıxmır ki, tam baxaq görək nə var, nə yox. Ürəyimiz lap üzüldü.
Nə isə. Elə bu fikirlərə dalmışdıq ki, bir də gördük BNA mətbuata xəbər yaydı ki, bəs Hikmət müəllim öz mövqeyini bildirib, bizim camaatla nə işimiz. Kim taksiylə evə gedir, kim avtobusla. Mala vurdular, ancaq yaxşı suvaya bilmədilər. Çünki necə olur ki, qurumun şöbə müdiri efirə çıxır və öz fikrini deyir. Əlbəttə ki, bu onun öz fikri ola bilməzdi.
Bu hadisə mənə Gömrük Komitəsinin 300 dollarlıq limiti ilə bağlı qərarını xatırlatdı. Axı onların nümayəndəsi də çıxıb dedi ki, limiti salırıq 300 dollara, hər bağlamaya görə vergi olacaq, ayda bir dəfə deyil və s. Məsələ qarışan kimi rəisləri çıxıb dedi ki, işçim səhv deyib, ay ərzində cəmi məbləğə aiddir bu.
Deyirəm necə də yaxşı rəisdir. Bu dəfə bizi – xalqı danlamadı ki, “işçimiz düz deyib, siz düz başa düşməmisiz”. Yoxsa ki, 6 aydı TƏBİB hər brifinqdə bizi danlayır. Əvvəl Ramin müəllim idi, indi nəsə brifinqlərə də gəlmir. İndi gömrük komitəsinin bizi danlamaması özgüvən hissimi xeyli yüksəltdi. Amma limitin 1000 dollardan 300-ə salınması qaldı yerində. 0:1 Gömrüyün xeyrinə. Yenə də malavurmaqla üstünü örtdülər.
İndi qalmışıq görək bu taksi məsələsi necə tamamlanacaq. BNA deyir ki, ölkənin bütün taksilərini birləşdirib yeni şirkət quracağıq, vahid tarif təyin edəcəyik. Hikmət müəllim də açıqlaması ilə bizi başa saldı ki, elə deyil, qiymətləri qaldıracağıq, sizin üçün ucuz taksi erası bitdi.
Əslində gərək müəllimə çox sağ ol deyək. Yoxsa elə bu hökumət qurumları nağıl-əfsanə danışmaqla bildiklərini edirlər, biz də alqışlayırıq. URA!
Elə bilirsiz bu gün BNA Hikmət Babayevi işdən azad edibsə, bizə görə edib? Ay-hay. Özü üçün edib. Çünki bütün kartları açdı. Düzdü Hikmət Babayev bizi ağ yuyub, qara sərdi, amma yenə də sağ olsun. Düzünü dedi.
Hə, bir də istefa deyilən bir zad var. Ondan heç vaxt Azərbaycanda olmayıb, belə görürəm bir müddət də olmayacaq. Elə məlum toyda xeyli adamların üzü-siması göründü. Amma birinin mənliyi çatmadı desin ki, bəli səhv etmişəm, Prezidentin dediyinə qarşı çıxmışam. Adi xalq aylarla evdə oturduğu halda, oğluna-qızına toy edə bilmədiyi halda, ölüsünə-dirisinə yiyə dura bilmədiyi halda mən istədiyimi etmişəm.
Və yenə də bir dəstə malavuran çıxacaq ortaya başlayacaq bütün bu məsələləri malalamağa. Amma bu dəfə iş çoxdu. Xeyli mala vurmalı olacaqsız. Qumunu çox edin ki, suvayanda üstünüzə tökülməsin.