Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması üçün Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri iştirak edir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
15:10
Masallıda açıq ərazidə yanğın qeydə alınıb.
APA xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında, seyrək ağaclıq ərazidə baş verib.
Çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunublar.