Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində sakinlər çirkab suların yaratdığı problemlə üz-üzə qalıblar.
Oxu.Az xəbər verir ki, bununla bağlı foto və videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, qəsəbənin Rövşən Salmanov küçəsi artıq dörd aydır keçilməz vəziyyətdədir. Yağışlı havalarda küçəyə dolan çirkab suları ərazidə hərəkəti iflic edib, həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olub.
Sakinlər problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbir görülmədiyini vurğulayıblar.


Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
"Ərazinin relyefi qrunt suları ilə zəngin olduğundan və bir müddət öncə yağan intensiv yağışlar qrunt sularının miqdarını artırdığından ərazidə mövcud hal hökm sürür. Xüsusilə göl ərazilərində, fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində, coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz olan ərazilərdə tikilən evlərə yağışlardan sonra suların dolması halları baş verib.
Həmçinin tullantı su təchizatı mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində şəbəkələrin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə məlumatda qeyd olunub.