Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda - sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqinə hazırlıqları başa çatdırır. Artıq may ayının sonundan etibarən nəqliyyatda ödəmə kartlarının satışına başlanacaq.
Bu barədə “APA-Economics”ə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Nazir müavininin sözlərinə görə, elektron ödəmələrlə bağlı proqram təminatı və onun prosessinq mərkəzləri ilə əlaqəsi sınaqdan keçirilib: “Təcrübə göstərib ki, sistem işləyir, onun proqram təminatı düzgün formalaşdırılıb”.
Nazir müavini qeyd edib ki, nəqliyyatda ödəniş vasitəsi kimi adi plastik kartlardan istifadə etmək mümkün olmayacaq - bunun üçün ayrıca kart buraxılacaq. Amma həmin kartdan gələcəkdə digər nəqliyyat xidmətlərinin dəyərinin ödənilməsində istifadə etmək mümkün olacaq: “Bunu təkcə avtobusla bağlamayacağıq ki, gələcəkdə ondan başqa xidmətlərin də haqqı ödənilsin”.
M.Pənahov bildirib ki, nəqliyyat kartından avtomobillərin parkinqi, metro və taksidə, gələcəkdə isə xırda ticarət imkanları üçün də ödəniş vasitəsi kimi istifadə oluna biləcək.
Artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanılıb. Mayın 20-dən sonra kartların satışına başlanacaq. İlk mərhələdə gediş haqqını kartla ödənilməsi şəhərin mərkəzi hissəsini əhatə edən marşrutlarda mümkün olacaq: “Bu, 1 minə yaxın avtobuslardır. Sonra bu, digər marşrutlarda da tətbiq ediləcək”. Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəməyə keçəcək.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin