Bu gün Milli Məclisin növbədənkənar iclasında İnqilab Maşallah oğlu Nəsirov yenidən hakim təyin edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, parlamentin növbədənkənar iclasında bildirilənə görə, İ.Nəsirov uzun illərdir ki, hüquq-mühafizə orqanlarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında çalışıb.
O, hazırda Ali Məhkəmənin hakimidir və səlahiyyət müddəti iyunun 25-də başa çatır. Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə MM-ə təqdimat göndərib.
Zərbəli Şirinbala oğlu Zərbəliyev isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Prezident İlham Əliyevin təqdimatı ilə eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimov və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyev öz ərizələri ilə vəzifədən azad ediliblər.
Qeyd edək ki, bu hakimlər iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə yazıblar.