"AZAL 2050-ci ilədək xalis sıfır emissiya strategiyasını hazırlayır".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) məlumatlarının idarə edilməsi üzrə biznes tərəfdaşı Məhəmməd Əliyev "Karbon bazarları üzrə müzakirə: Karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin imkanlarının açılması" adlı panel müzakirədə deyib.
O bildirib ki, bu strategiya çərçivəsində emissiyaların 90 faizinin azaldılması birbaşa aviasiya sektorunda həyata keçiriləcək tədbirlər hesabına təmin olunacaq:
"Hazırda "Azərbaycan Hava Yolları" yeni təyyarələr alır və bu təyyarələr emissiyaları 15-20 faizədək azaldır. İkinci istiqamət Dayanıqlı Aviasiya Yanacağıdır (SAF). Ötən ildən etibarən Avropa istiqamətində həyata keçirilən uçuşlarımızda artıq 2 faiz SAF tətbiq etmişik və bu göstəricinin 2050-ci ilədək təxminən 30 faizə çatdırılması nəzərdə tutulur. Üçüncü istiqamət emissiyaların 8 faizədək azaldılmasını təmin edəcək ağıllı aviasiya parkı həlləridir. Sonuncu istiqamət isə karbonun atmosferdən çıxarılması, yəni onun tutulması və uzaqlaşdırılmasıdır".
Qurum rəsmisi əlavə edib ki, karbon bazarı və karbon kreditləri bütövlükdə dekarbonizasiya strategiyasını əvəz edən alət deyil:
"Onlar bu strategiyanın yalnız bir hissəsidir. Karbon bazarları getdikcə böyüyür, beynəlxalq səviyyədə daha çox əlaqələnir, istifadə məqsədlərinə görə daha da fərqlənir və korporativ transformasiya və keçid strategiyalarına inteqrasiya olunur.
Karbon artıq sadəcə hər il hesabladığımız bir göstərici deyil. O artıq biznes qərarlarına, investisiyalara və şirkətlərin gələcək strategiyalarına təsir edən real iqtisadi amilə çevrilir".