Fotojurnalist-blogger Mehman Hüseynovun bu gün səhər saatlarında “Toyota-Prado” markalı avtomobilə mindirilərək naməlum istiqamətdə aparılması barədə məlumat yayılsa da, sonradan isə onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığı məlum olub.
İdarədə bloggerə bildirilib ki, barəsində şikayət var.
“Guya mən aprel ayında hansısa fahişəxana haqqında reportaj hazırlamaq üçün gedərək, obyektin sahibinin kimliyi ilə maraqlanmışam və məlumat verməkdən imtina etdikdə isə onu hədələmişəm.
Həmin şəxs mənim tərəfimdən hədələndiyini iddia edərək, polisə şikayət ərizəsi yazıb” – deyən Mehman Hüseynov qeyd edib ki, kiminsə hədələməsi və reportaj hazırlaması barədə iddialar əsassızdır.
“Belə bir hadisə baş verməyib, ya məni şərləmək istəyirlər, ya da kimsə mənim adımdan istifadə edib”.
Mehman Hüseynov günorta sərbəst buraxılıb.
Oxu.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov musavat.com-a bildirib ki, Mehman Hüseynov şikayət əsasında saxlanılıb.
“Vətəndaş M.Hüseynovun onu hədələməsi ilə bağlı şikayət etdiyi üçün o, Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, izahat alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb” – deyən E.Zahidov vurğulayıb ki, burada heç bir siyasi motiv yoxdur və Mehman Hüseynov rəsmi bildirişlə polisə çağırılsa da gəlməkdən imtina edib.