2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faiz azalaraq 3 milyon 239.3 min olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.
Qeyd olunub ki, bu müddətdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda gecələmələrinin sayı 4.7 faiz azalaraq 1 milyon 845.6 min təşkil edib. Bu göstərici ümumi gecələmələrin 57 faizini təşkil edib.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrinin sayı isə 1 milyon 393.7 min olub. Bu, ümumi gecələmələrin 43 faizinə bərabərdir.
Hesabat dövründə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0.6 faiz artaraq 497.3 milyon manata çatıb.
Gəlirlərin 63.7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25.9 faizi ictimai iaşə xidmətlərindən, 2.6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7.8 faizi isə digər xidmətlərdən əldə edilib.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 23 faiz təşkil edib.