Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2022-23-cü illər ərzində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib.
Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib.
Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.
Məktəblərdə yeməkxanalarda bu cür nöqsanların qarşısını almaq üçün hansı sərt tədbirlər görmək lazımdır?
Qida eksperti Fərid Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, övladlarımızın gələcəyi üçün vacib olan əsas məsələlərdən biri də onların qidalanmasıdır:
“Onlara evdə, məktəbdə və getdikləri hər yerdə sağlam, doğru şəkildə qida seçimləri etməyi lap körpəlikdən öyrətməliyik. Ancaq bu vəzifə təkcə valideynlərin öhdəliyi deyil. Uşaqların təhsil aldığı məktəblərdə və ali təhsil müəssisələrində onların qidalanması üçün yaradılmış bufet və yeməkxanalarda satılan hər bir qidanın nə dərəcədə sağlam və təhlükəsiz olması da çox vacib məsələdir.
Əgər uşaqlarda öz evlərindən başlayaraq düzgün qidalanma vərdişləri yaranıbsa, o, düzgün şəkildə qidalanacaq. Ancaq hər şey təkcə bununla bitmir. Təhsil müəssisələrində iaşə xidməti göstərən hüquqi və fiziki şəxslərin bu işdə uzun müddət təcrübəsi olmalıdır, məsuliyyət daşımalı, qida təhlükəsizliyi qaydalarına və sanitar-gigiyenik normalara əməl etməlidirlər. Satılan hər bir qida üçün “uyğunluq sertifikatı” olmalıdır. Mütəmadi şəkildə nəzarət tədbirləri həyata keçirilməlidir”.
Ekspert qeyd edib ki, məktəb və ali təhsil müəssisələrinin bufet və yeməkxanalarının sağlam qida seçimləri ilə təmin edilməsi, məktəb menyularının standartlaşdırılması, qida məhsullarının qida dəyəri baxımından zəngin və çeşidli olması da əsasdır:
“Övladlarımız bizim gələcəyimizdir. Sağlam böyümələri, zərərli vərdişlərdən qorunmaları və onlarda sağlam qida vərdişləri yaratmaq üçün valideynlər və təhsil müəssisələrimiz birgə fəaliyyət göstərməli və maarifləndirmə işləri mütləq aparılmalıdır”.
Qeyd edək ki, uzun illərdir ki, ümumtəhsil müəssisələrində şagirdlərə satılan ərzaqların keyfiyyəti ilə bağlı problem də həllini tapmır. Yenə də bufetlərin vitrinlərində qazlı içkilər, çipslər, saqqız, buterbrodlar və vaxtı keçən yeməklər təqdim edilir.
Pediatr Vaqif Qarayevin sözlərinə görə, bu cür məhsullar nəinki məktəblərdə, heç evdə də uşağa verilməməlidir:
“Həmin məhsulların uşaq orqanizminə çox ziyanı var. Məktəblərə gedib desəniz ki, niyə bunları satırsınız? Cavabı o olacaq ki, “qanunla qadağa yoxdur”. Belə içkiləri qəbul edənlərin orqanizmində pozuntular olur. Məktəbdə vitrində satılan ərzaqlar daimi nəzarətdən keçirilməli, istifadə müddətinə baxılmalıdır. İctimai iaşə müəssisələrində təqdim edilən məhsullar daim nəzarətdə olmalıdır. Məhsulun keyfiyyətli hazırlanması əsasdır. Yemək təkcə məktəbdə yeyilmir”.
Həkim deyir ki, məktəblilərin qidalanması da problemlidir:
“Valideynlərə bir məsləhət verərdim ki, uşaqları səhər evdən çıxarmamış onlara yemək yedirtsinlər. Ac olan uşaq dərsdə nə öyrənəcək? Az qala, on valideyndən doqquzu deyir ki, uşağım səhərlər yemək yemir. Əgər uşaq tezdən yemək yemirsə, bu, valideynin günahıdır. Təbii ki, ac uşaq məktəbin bufetindən nəyisə alır, yeyir, nəticədə bu hallarla qarşılaşır”.
Qeyd edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub:
1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu;
2. Bir gün əvvəl hazırlanmış qida;
3. Xarab olma əlamətləri olan meyvə-tərəvəz məhsulları;
4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları;
5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);
6. İçalatı təmizlənməmiş quş;
7. Vəhşi heyvanların əti;
8. Suda üzən quşların yumurtası və əti;
9. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;
10. Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;
11. Termiki emala məruz qalmayan yaxıl noxud;
12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;
13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər;
14. Kremli şirniyyat məmulatları (piroq və tortlar);
15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
16. Ev şəraitində hazırlanmış qatıq.
17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);
18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
20. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
21. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;
22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;
23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;
24. Təbii qəhvə, alkoqollu, enerji içkiləri;
25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;
26. Qazlaşdırılmış içkilər;
27. Bitki yağları əsasında süd məhsulları və dondurma;
28. Saqqız, çipslər;
29. Tərkibində etanol olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları;
30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, ətli jele (“studen”), doğramac, paştetlər, siyənək balığından forşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər;
31. Yumurtalı makaronlar, qayğanaq;
32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Murad Mirzəzadənin sözlərinə görə, əhalinin qidalanmasının təşkili, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ tələblərə əməl olunması hər bir kəsin vəzifəsi və borcu olmalıdır:
“Belə ki, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmaması inzibati, müvafiq halda isə cinayət məsuliyyətinə səbəb olur. Qanunvericilikdə qeyd olunan pozuntularla bağlı tərbiyəvi və cəzalandırıcı xarakterli tədbirlər qeyd olunub.
İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsində qeyd edilib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər.
Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər”.
“Eyni zamanda, Cinayət Məcəlləsinin 200.1-ci maddəsində istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma cinayət məsuliyyəti yaradır ki, bu cür ictimai təhlükəli əmələ yol vermiş şəxsin barəsində üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılma nəzərdə tutulur”, - deyə o qeyd edib.
Həkim-pediatr Yalçın Mirzəyev deyir ki, heç bir uşağa konservləşdirilmiş məhsulun istifadəsi tövsiyə edilmir:
“Onlar uşaqlar üçün ziyandır və gələcəkdə xərçəng riskini artırır. Qazlı içkiləri və hər hansı bir qatqı maddəsi olan maddələri uşaqların qəbul etməsi doğru deyil. Enerji içkiləri həm uşaqlar, həm də böyüklərin istifadəsi üçün uyğun deyil. 18 yaşdan aşağı uşaqlar isə ümumiyyətlə bu içkiləri qəbul etməməlidirlər. Əgər bir insan bu içkini davamlı olaraq içirsə, qan-damar sisteminə ciddi təsir edə bilər”.
Həkim uşaqların qidalanması ilə bağlı valideynlərə də müraciət edib:
“Övladlarının qidalanmasında çox diqqətli olsunlar. Çips, qazlı su, buterbrodları allergiyası olan uşaqlar qəbul edəndə onlar üçün ciddi riskdir”.
İlhamə Əbülfət
Rəylər