2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə kifayət qədər vakant yerə peşəkar və səriştəli direktorlar təyin edəcəyik.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə, gənc müəllim və direktorların sayı artıb:
"Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər çoxluq təşkil edir. Direktor olmaq üçün mövcud qanunvericiliyə əsasən, namizədin beş il pedaqoji stajı olmalıdır və bununla bağlı bir çox namizəd, hətta stajı az olan namizədlər də müraciət edib.
Biz onların elektron ərizəsinə imtina vermişik. Ümumilikdə müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir. Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Müraciət edənlərdən 1800-ə yaxın namizəd müsabiqənin test imtahan mərhələsində iştirak edib. Bu, əvvəlki illərin statistik rəqəmlərinə görə daha çoxdur".
Şöbə müdiri qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb.
"Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə dəvət olunacaq. Hazırda bizdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar var ki, ilk olaraq onlardan başlamışıq.
Ötən həftə artıq 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin son üç günü ərzində də müsahibələr təşkil olunacaq.
Müsahibə mərhələsindən bütün iştirakçılar keçmir, hətta bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər, onlarla bağlı, təbii ki, qərar mənfi olur.
İldən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə, daha qaneedicidir. Artıq nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Sadəcə olaraq, namizəd sayının çox olduğu nəzərə alınaraq, bunu mərhələli şəkildə həyata keçiririk.
Dediyim kimi, ilkin olaraq vakant yerlərin daha çox olduğu şəhər və rayonlardan başlayırıq. Çünki onlarda daha zəruridir ki, yeni tədris ilindən o məktəblərə direktorlar təyin olunsun", - deyə nazirlik rəsmisi qeyd edib.
Məktəb direktoru olmaq istəyənlərlə bağlı açıqlama: İkinci mərhələni keçə bilmirlər - VİDEO
İlhamə Əbülfət
VİDEİO: Billurə Mikayıllı, Orxan Hüseynzadə
Rəylər