Uşaqlar gününün böyük hissəsini məktəbdə keçirirlər. Bəs onun özünü ifadə etməsi, komanda ilə işləməsi və yaradıcı düşünməsi necə inkişaf edir? Məktəbdənkənar təhsil dedikdə musiqi məktəbi, idmanla yanaşı, artıq günümüzdə biznes məktəbini də siyahımıza əlavə edə bilərik.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, "MiniBoss" Beynəlxalq Biznes Məktəbi 6-17 yaşlı uşaqlar üçün biznes, sahibkarlıq, maliyyə savadlılığı və liderlik bacarıqlarının inkişafına yönəlmiş xüsusi təhsil proqramı təqdim edir.
Burada şagirdlər nəzəri biliklərlə yanaşı, öz biznes ideyalarını yaratmağı, layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər. Məktəbin əsas xüsusiyyətlərindən biri uşaqlara öz ideyalarını sərbəst şəkildə inkişaf etdirmək imkanı yaratmasıdır. Şagirdlər fərqli fikirlər üzərində işləyir, onları biznes layihələrinə çevirir və hər bir mərhələdə müəllimlərin dəstəyindən yararlanırlar. Tədris prosesi praktiki təcrübə ilə də müşayiət olunur.
Çempionatdan əvvəl uşaqlar öz layihələrini təqdim edir və müəyyən məbləğdə maliyyə dəstəyi əldə edirlər. Daha sonra həmin vəsait hesabına real məhsul hazırlayır və çempionatda üç mükafatçı yer uğrunda mübarizə aparırlar. Bu yanaşma uşaqlara biznes prosesini yaxından öyrənmək, komanda şəklində işləmək və öz ideyalarını reallaşdırmaq imkanı verir.
Eyni zamanda, proqram onların ünsiyyət, özünüifadə və müstəqil qərarvermə bacarıqlarının inkişafına şərait yaradır. "MiniBoss" Beynəlxalq Biznes Məktəbinin şagirdləri mütəmadi olaraq müxtəlif ölkələrdən olan həmyaşıdları ilə beynəlxalq yarışlarda iştirak edir və mükafatlar qazanırlar. Növbəti dünya çempionatının bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi planlaşdırılır.