Azərbaycan idmançıları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında müxtəlif əyarlı medallar əldə ediblər.
Oxu.Az xəbər verir ki, oktyabrın 23-24-də təşkil olunan yarışda milli komandanın üzvləri bir neçə kateqoriyada mükafatçılar sırasına düşüblər.
Xudadar Həmidov "Men"s Sports Model - Pro" kateqoriyasında Avropa çempionu olaraq qızıl medal qazanıb. O, "Men"s Physique - Up to 174 cm" kateqoriyasında gümüş medala layiq görülüb. İdmançı "Men"s Bodybuilding - Up to 174 cm" kateqoriyasında beşinci yeri tutub, "Men"s Classic Physique - Up to 174 cm" kateqoriyasında isə yarımfinala qədər irəliləyib. Xudadar Həmidov öz qələbəsini şəhidimiz Xudayar Yusifzadəyə həsr edib.
Vahid Axunli "Men"s Bodybuilding - Novice" kateqoriyasında qızıl, "Men"s Bodybuilding - Teen 15-19 Years" kateqoriyasında gümüş, "Men"s Classic Physique - Novice" kateqoriyasında isə bürünc medal əldə edib. O, "Men"s Bodybuilding - Junior" kateqoriyasında dördüncü olub, "Men"s Classic Physique - Junior" kateqoriyasında yarımfinal mərhələsində çıxış edib.
Özgür Heydərli "Men"s Physique - Teen 15-19 Years" kateqoriyasında birinci yeri tutaraq Avropa çempionu adını qazanıb. O, "Men"s Physique - Up to 174 cm" kateqoriyasında da mübarizə aparıb və yarımfinala yüksəlib.
Azərbaycan millisinin digər üzvü Elmir Rzalı "Men"s Athletic - Junior" kateqoriyasında gümüş medal qazanıb. O, "Men"s Classic Physique - Junior" kateqoriyasında isə yarımfinal mərhələsində çıxış edib.
Qeyd edək ki, Elmir Rzalı 44 günlük Vətən müharibəsində şəhid olmuş Əli Rzalının qardaşıdır.
Beləliklə, Azərbaycan idmançıları Avropa çempionatında üç qızıl, üç gümüş və bir bürünc medal qazanıblar.