Bu gün Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar və digər qonaqlar iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların paradı təşkil olunub.
Bildirilib ki, olimpiadada Azərbaycanın 59 şəhər və rayonunu təmsil edən 2 000-dən çox məktəbli iştirak edir. Yarışlarda Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələri mübarizə aparırlar.
İştirakçılar iyunun 21-dən 26-dək ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə yarışacaqlar.
Rəsmi açılış mərasimindən sonra tədbirin bədii hissəsi çərçivəsində konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Layihənin əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, istedadlı gəncləri üzə çıxarmaq və onların inkişafını dəstəkləməkdir.