Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məktəblinin ölümü ilə nəticələnən qəzanın baş verdiyi küçədə avtobuslar qanunsuz hərəkət edir - VİDEO
Xətai rayonu, Əhmədli qəsəbəsində məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi müzakirələrə səbəb olub.
Belə ki, yanvarın 10-da Xətai rayonu, Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı çaşqınlıq yaradan bir sıra məqamlar var.
Məqamlardan biri həmin yolda nəqliyyatın hərəkətinin yalnız sağa və sola olduğunu əks etdirən nişanların olmasıdır.
Digər bir məqam hadisənin baş verdiyi yerdə avtobus zolaqları olsa da, həmin yolun başlanğıcında “Giriş qadağandır” nişanının olmasıdır. Bu, hərəkət iştirakçılarını çaşdıran məqam kimi qiymətləndirilir.
Ötən gündən müzakirələrə səbəb olan məqam həmin yoldakı təzadlardır. Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Aslan Əsədovla əlaqə saxladıq. Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, qəza məktəblinin vurulması ilə nəticələnən bədbəxt hadisədir:
“Təbii ki, burada hadisəyə hüquqi qiymət hüquq-mühafizə orqanlarının yekun rəyindən sonra bəlli olacaq. O ki qaldı əraziyə, biz oranı mürəkkəb yol qovşağına, yaxud da hərəkət hissəsinə aid edə bilərik. Bu yola sistem kimi yanaşsaq, bir neçə ayrılma, işıqfor və qarşı tərəfə giriş qadağandır nişanı ilə tənzimləndiyini görürük. Konkret olaraq yolun girişində qoyulan “3.1 Giriş qadağandır” yol nişanın tələbi odur ki, yol nişanı qoyulduğu andan etibarən bu küçəyə, prospektə istənilən nəqliyyat vasitəsinin girişi qadağandır.
Amma görüntülərə ərazidən çəkilən digər foto və video materiallara baxdıqda görürük ki, burada sərnişin daşıma xidməti göstərən avtobuslar həmin yola daxil olurlar. Əslində yaxşı olar ki, həmin nişanın yanında əlavə məlumat lövhəsi qoyulsun. Məsələn, yalnız sərnişin avtobuslarının girişinə icazə verildiyini göstərən müvafiq yol nişanı qoyulsun.
Çünki əraziyə bələd olmayan hərəkət iştirakçıları burada çaşqınlıq yaşaya bilərlər. Belə olarsa, nişanların tələbini hər kəs daha aydın başa düşmüş olar. Yenə qeyd edirəm, hazırda yolun girişində qoyulan nişan qanunla həmin yola bütün nəqliyyat vasitələrinin girişinin qadağan olduğunu bildirir. Ora avtobuslar istisna olmaqla, mexaniki nəqliyyat vasitələrinin girişini qadağan edən yol nişanı qoyulması lazımdır”.
Ekspert hadisənin motivi barədə qeyd edib ki, avtobusun işıqforun yaşıl işığında keçir:
“Təəssüf ki, məktəbli yolu qaçaraq keçməyə çalışır. Bu o deməkdir ki, biz məktəbliləri kifayət qədər maarifləndirə bilməmişik. Məktəblərdə yol hərəkəti qaydalarına, yol nişanlarının tələblərinə ciddi əməl edilməsi barədə profilaktik tədbirlər gücləndirilməlidir”.
Lakin sözügedən yolda yol nişanlarının yaratdığı qarışıqlıqla bağlı hələ ki aidiyyəti qurumlardan heç bir rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, hadisənin videogörüntüsündə məktəblinin sürətlə yola qaçması və 44 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobusun altında qalması görünür. Təəssüf ki, məktəbli hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
Rəylər