Kimsə dövlət qulluğunda işləyirsə, həddi-buluğa çatıbsa, öz əməllərinə özü cavab verməlidir, onun əvəzinə qohumları yox. Bu, çox gülməlidir.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadənin qohumlarının səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
Onun sözlərinə görə, kiminsə hansısa sualı və ya fikri varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər:
“Mən nə məktəb direktoru, nə də bağça müdiriyəm ki, kiminsə valideyni, qohumu kiminləsə əlaqədar bizə qarşı çıxış etsin”.
E.Nağızadə ilə bağlı əlavə danışmaq istəmədiyini deyən M.Abbaszadə qeyd edib ki, hazırda istintaq gedir, istintaqın nəticəsi olaraq lazımı məlumat veriləcək.
M.Abbaszadə E.Nağızadənin oktyabr ayından TQDK-da işləmədiyini və işdən başqa səbəblərdən azad edildiyini deyib.
“Həmin vaxta kimi heç kim onunla bağlı şikayət etməyib. Sadəcə, Elnur Nağızadə ona verilən tapşırığı vaxtında yerinə yetirmədiyi üçün işdən azad edilib. Bundan 3 ay sonra bu hadisələr məlum olub və proseslər başlanıb.
Biz nədənsə, yaxşı işləri qoyub, həmişə kimsə qanunu pozubsa, mütləq onu şişirtməli, müzakirə etməliyik. Nə üçün? Hazırda hüquq-mühafizə orqanları tərəfindən açıqlama verilib. Mən də açıqlama vermişəm. Hansısa açıqlama vermək istintaqa təsir göstərmək kimi qiymətləndirilə bilər ki, bu da qanuna ziddir”, - deyə sabiq TQDK sədri əlavə edib.
Qeyd edək ki, M.Abbaszadə APA-ya açıqlamanı TQDK ləğv olunmazdan əvvəl verib.