"Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi vandalizmdir, buna başqa ad vermək olmaz".
Bunu Oxu.Az-a açıqlamasında memar Ədalət Məmmədov deyib. O bildirib ki, gənclər xarici ölkələrdən bu cür biabırçı hərəkətləri öyrənirlər:

"Gedirlər xarici ölkələri gəzirlər, elə bilirlər ki, Azərbaycanda da bunu eləmək olar. Bu cür abidəni məhv ediblər, ağıllarına gələni yazıblar. Həmin şəxslər anlamırlar ki, bu bina bizim tarixi abidəmizdir, memarlıq nümunəmizdir, tariximizdir. Həmin şəxslərə bunu anlatmaq olmur. Qanmaz insanlar kimyəvi maddələrlə binanın divarını yazıb, məhv ediblər".
Ə.Məmmədov bu hərəkətləri etməkdə şübhəli bilinən şəxslərin saxlanılmasını və fakta görə cinayət işinin başlanmasını alqışlayıb:
"Abidəni bərbad hala salanlarla sərt davranılmalıdır. Bu, mənəvi dəyərə vurulan ziyandır. Ümid edirəm ki, həmin şəxslər ən ağır cəzaya məhkum ediləcəklər. Onlar elədikləri hərəkətlərlə Azərbaycan mədəniyyətinə vurduqları zərbənin nə qədər ağır olduğunu anlamalıdırlar. Bu, təkcə polisin tədbiri ilə yekunlaşmalı deyil. İctimaiyyət bu şəxsləri ciddi qınamalıdır. Bu işdə medianın da fəallığı mütləqdir".