Noyabrın 3-də Nizami Kino Mərkəzində SOCAR və "AnewZ" televiziya kanalının birgə istehsalı olan "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin yaradıcı heyəti ilə görüşüb və xatirə fotoları çəkdirilib.
Premyerada çıxış edən "AnewZ" televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin ideyasının SOCAR-ın muzey kolleksiyasında qorunan XX əsrin əvvəllərinə aid 103 tarixi açıqcadan yarandığını deyib. İcraçı direktor filmin təxminən bir əsr öncə Bakıda yaşanan neft bumundan, həmin dövrdə şəhərin dünyanın müxtəlif ölkələrindən insanları özünə cəlb etməsindən və neft sənayesinin inkişafı nəticəsində baş verən köklü dəyişikliklərdən bəhs etdiyini bildirib.
Prezident İlham Əliyev tərəfindən cari ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu söyləyən Rüfət Həmzəyev qeyd edib ki, ekran əsərində 103 tarixi açıqca və 9 insan hekayəsi vasitəsilə neftin Bakının memarlığına, eləcə də mədəniyyətinə təsirləri, eyni zamanda şəhərin tarixində iz qoymuş insanların taleləri barədə günümüzə qədər gəlib çatmış məlumatlar tamaşaçılara təqdim edilir.
Sonra "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, bir əsr öncə sürətlə dəyişən Bakı, neft buruqları, küçələr, liman, eləcə də şəhərdə yaşayan insanların şəxsi taleləri filmin əsas dramaturji xəttini formalaşdırır. Çəkilişləri təxminən 6 ay davam edən filmdə tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi, o dövrün vizual atmosferinin bərpası və musiqi həllərinin bir hissəsi süni intellekt vasitəsilə həyata keçirilib.
Filmdə həmçinin Bakı memarlığının formalaşmasında mühüm rol oynamış İosif Qoslavskinin nəslinin nümayəndəsi İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.