Məmmədli Modul Tipli Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Sentyabrın 17-də Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Məmmədi Modul Tipli Xəstəxanasının yerləşdiyi ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bu zaman xəstəxananın müvafiq şöbələrində elektrik enerjisi generatoru sistemi işə salınıb. Həmin müddət ərzində pasiyentlərin tibbi nəzarəti və müalicəsi davam etdirilib, tibbi xidmətin göstərilməsində hər hansı problem yaranmayıb. Hazırda elektrik enerjisinin verilişi tam bərpa olunub və xəstəxanada fəaliyyət normal qaydada davam edir".
Sabunçu rayonunun Məmmədli kəndində yerləşən modul tipli xəstəxanada elektrik enerjisinin kəsilməsi ilə bağlı narahatlıq yaranıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Bildirilib ki, elektrik enerjisi üç saatdan artıqdır yoxdur:
"Xəstəxanada müalicə olunan ağır vəziyyətdəki xəstənin süni tənəffüs dəstəyinə və elektrik enerjisi ilə işləyən həyati vacib tibbi avadanlıqlara ehtiyacı var. Elektrik enerjisinin uzun müddət bərpa olunmaması xəstənin həyatı üçün ciddi təhlükə yaradır".
Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, hadisənin baş verməsinə səbəb Məmmədli kəndi ərazisində avtomobilin ərazini qidalandıran 10 min kilovattlıq xəttin bərkidildiyi dayağı zədələməsi olub.
"Dərhal həmin dayağın dəyişdirilməsi prosesi başlanılıb. Proses başlamazdan öncə həm sözügedən xəstəxanaya, həm də ərazidəki digər dövlət qurumlarına xəbərdarlıq edilib. Artıq işlər yekunlaşmaq üzrədir, yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə məlumatda bildirilir.


