Emilya Tağıyeva yazır…
Sosial şəbəkədə dostlarımdan biri özünün uşaqlıqda velosiped arzusundan və bunun onun həyatında qoyduğu izdən bəhs edib yazmışdı ki, "Bu gün mənim çoxlu pulum da olsa, həyatımın o yerində velosipedim çatmır". Paylaşım da, ona gələn şərhlər də məni çox təsirləndirdi.
Müəllif bu diləyinin gerçəkləşməməsini həmin vaxtlar ailəsinin maddi durumu ilə əlaqələndirirdi. Amma bu travmalar həmişə tək kasıblıq səbəbindən yaranmır. Bəzən də böyüklərin gözündə uşağın hər hansı bir arzusu çox kiçik görünür, bu pulu daha "ümdə amala" xərcləmək qərarına gəlirlər. "Filan şeyə verdiyim pulu evin filan ehtiyacına xərcləyərəm, ya da uşağın filan "zəruri ehtiyacına" ödəyərəm",- deyə düşünürlər (hərçənd bu "zərurətdən" evdə qoşa-qoşa olur). Bu zaman valideynlər uşağın bir az ağlayandan sonra istəyini unudacağını düşünürlər.
Belə travmaların qaynağının tək sevgi olduğu hallar da az deyil.
Bir müddət əvvəl mənim daha çox "taksiçi Sinan" kimi tanıyıb sevdiyim məşhur türkiyəli aktyor Levent Ülgenin təsadüfən "Ya öyle deyilse" adlı çıxışını izlədim. O da söhbətinə uşaqlıq dövründəki velosiped arzusu ilə başlayır və atasının şərti ilə bütün yay tətilini fəhlə kimi işləyib pul toplamasına baxmayaraq, bunun ona qismət olmamasını qeyd edir. Aktyorun sözlərinə görə, uzun illər sonra anasının etirafı ilə öyrənir ki, atası velosipedi bilərəkdən almayıb. Uşaqlıqdan çox dəcəl olan Leventin maşının altında qalıb ölməsindən qorxub və "Sonra oğlum üçün mən ağladığıma, qoy indi oğlum velosiped üçün ağlasın", - deyib.
Həmin vaxt bütün yay tətilini fəhləliklə keçirən Leventin qazandığı pul necə olur? Atası pulu onun özünə qaytarır və gedib velosipeddən başqa (bunu dərslərin və qış mövsümünün başlaması ilə izah edib) hər nə istəsə almasına icazə verir. Uşaq da bazardan özünə həmin dövr üçün ən bahalı idman geyimini, ayaqqabı və dəridən futbol topu alır, "məhəlləsinin kralı"na çevrilir. Bir sözlə o, həmin dövrün ən zəngin uşaqlarının arzusunda olduğu məqama sahiblənir.
Bununla belə "Mənim heç bir zaman velosipedim olmadı" deyən 60 yaşlı aktyorun səsində hələ də 12 yaşlı uşağın həsrətinin titrəyişi sezilirdi...
Demək istədiyim odur ki, övladın yaxşılığı üçün də olsa, onu bəladan qorumaq niyyəti ilə də olsa, bu cür məsum istəklərin üstündən çəkilən xətlər illər keçdikcə dərinləşir və ağrımasa da, hər görəndə ürəyi sıxan çapığa çevrilir. Bədəndəkindən fərqli olaraq ruhda qalan bu izləri isə sonra heç bir "bahalı əməliyyatla" yox etmək olmur.
Ekzüperi "Balaca şahzadə" əsərində demişdi ki, "Bütün böyüklər əvvəlcə uşaq olublar, amma bunu cəmi bir neçəsi xatırlayır..."
Özümüzün də nə zamansa uşaq olduğumuzu, həmin dövrdəki arzularımızı unutmamaq diləyi ilə!