“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidən qurulmasının növbəti mərhələsinə başlanılıb.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüləcək işlər çərçivəsində stansiyanın birinci yolunun 155 metr hissəsində ağac şpallar sökülərək dəmir-beton bloklar üzərində yeni yol infrastrukturu qurulacaq.
Buna qədər “Xətai” stansiyası istiqamətində tunelin 481 m hissəsinin təmas relsi, yol relsi və ağac şpalları sökülərək beton özülü dağıdılmışdı. Yeni yol yatağı normativlərə uyğun betonlandıqdan sonra müvafiq konstruksiya qurulmaqla yola dəmir-beton bloklar düzülüb və betonlanıb.
Dəmir-beton konstruksiyalar artıq “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının bir yolunda da dəyişdirilib. İlk dəfə isə “Nərimanov” elektrik deposunun qatarların sınaq yolunda tətbiq edilmiş dəmir-beton bloklar “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda da tətbiq edilib.
Ölkə xaricindən gətirilən ağac şpallardan fərqli olaraq, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində alman texnologiyaları əsasında qurulmuş sexdə hazırlanır.
Yeni yol infrastrukturu müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində qurulur. Yenidənqurma tədbirləri müasir üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə davam etdiriləcək.
Yeni yol quruculuğunun 3 ay ərzində tamamlanması və platforma səviyyəsində mərhələli əsaslı təmir işləri ilə davam etdirilməsi nəzərdə tutulub.
Könül Cəfərli
FOTO: Firudin Səlimov