Üç ildən artıqdır həbsdə olan Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayımlanıb. Ailəsi onun səhhəti ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, ailənin açıqlamasında bildirilir:
"Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Meyxanaçının səhhəti yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Sağlamlıqla bağlı həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları belə görünür".
Meyxanaçı Rəşad Dağlının həbs görüntüləri müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə Rəşad Dağlının çəki atdığı, saçlarının daha da ağardığı əks olunub.
Rəşad Dağlının pərəstişkarları şərhlərdə məyus olduqlarını ifadə ediblər.
Xatırladaq ki, 2023-cü il iyulun 28-də qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sözügedən görüntünü təqdim edirik:
Aygün Mirakif