Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.
Müraciətdə deyilir:
“Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz.
Böyük və qüdrətli Azərbaycan xalqının övladlarının söz, əqidə və əməl birliyinə nail olmaq arzusunu və əzmini təcəssüm etdirən həmrəylik günü dünyanın çoxsaylı ölkələrində əziz bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 32 il öncə başlanmış milli-mənəvi bütövləşmə hərəkatı xalqımızın tarixi köklərə bağlılığından və milli yüksəliş amalından güc alıb. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı dövrdə daha da genişləndikcə dünya azərbaycanlıları ümummilli qayələrimizin gerçəkləşməsi naminə azərbaycançılıq ideyası əsasında sıx birləşməyin əhəmiyyətini dərindən dərk ediblər. Azərbaycan icmaları və diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işində yaxından iştirak edir, tarixi vətənlə əlaqələrini gücləndirirlər.
Bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Ulu Şərqin bir sıra qüdrətli dövlətləri xalqımızın istedad və zəkasının gücü ilə qurulub.
Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, hüquqlarını, şərəfini, nüfuzunu qorumağa hazır olan milli dövləti var. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması, həyatın bütün sahələrində heyrətamiz uğurlar qazanması ilə fəxr edirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin bu ilin sentyabr ayında Qarabağda həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Azərbaycan dövləti dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsinə ümdə əhəmiyyət verir. Xalqımızın mütəşəkkil qüvvəyə çevrilməsinə yönələn tədbirlər mütəmadi şəkildə davam etdirilir. Tarixin gərdişi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi, onların milli kimliyinin, hüquq və mənafelərinin, təhlükəsizliyinin qorunmasına dəstək verilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Bu gün biz böyük imkanlar vəd edən yeni bir dövrün astanasındayıq. Xalqımızın bir çox nəsillərinin arzuladığı gələcəyin qurulması üçün hər bir azərbaycanlı öz səylərini əsirgəməməlidir.
Azərbaycanın bütün potensialının üzə çıxarılaraq dünyaya daha yaxından tanıdılması, xalqımızın qibtə ediləcək qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, milli hüquqlarımızı qorumaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi milli amallarımızın gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!”
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"