Adolat Aznaurovanın Milli Qəhrəmanın qızı olması bizim üçün fərq etmir.
Oxu.Az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev söyləyib. O, bu gün Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın təhsil haqqını ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı yayımlanan məlumata münasibət bildirib.
Rektor tələbənin kəsirləri olduğu üçün imtahana buraxılmadığını iddia edib:
“Əvvəla onu deyim ki, bizim universitetdə “Beynəlxalq münasibətlər” fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-dan “köçürmə” ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbə digər imtahanlarında kəsiri varsa o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam”.
Xatırladaq ki, Millət vəkili Əhməd Vəliyevin rektoru olduğu Odlar Yurdu Universitetində Milli Qəhrəman İsgəndər Aznaurovun qızı 2000 AZN-i ödəmədiyi üçün dövlət imtahanına buraxılmayıb.