Dekabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun doğum günündə onun xatirəsinin yad olunması ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Həmin gün əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun adını daşıyan 203 nömrəli tam orta məktəbin və Milli Qəhrəmanın yaşadığı binaya vurulmuş xatirə lövhələrinin təntənəli açılışı olmuşdur.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Milli Qəhrəmanın xatirəsinə həsr edilmiş tədbir Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etmişdir.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın həyat yoldaşı Elmira Əhmədova demişdir:
“Bu gün bizim ailəmiz üçün unudulmaz və əlamətdar bir gündür. Biz Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş qəhrəmanlarımızı xatırlayırıq.
Hər qəhrəman və qəhrəmanlıq hadisələri fərdidir, lakin onların hər birini böyük ruh yüksəkliyi, ədalətə cəhd, borc hissi, Vətənə məhəbbət duyğusu birləşdirir. Belə yüksək keyfiyyətlər insanda varsa, özünü sınaq məqamlarında göstərir. Bu gün Riad Əhmədovun doğum günüdür, hamımız onu ehtiramla xatırlayırıq.
Riadın həyatı – vicdan və şücaət, Vətənə təmənnasız xidmət nümunəsidir. Vətənini şəxsi marağından üstün tutan R.Əhmədov gələcək nəsillərin firavanlığı üçün öz canından keçmişdir.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova demişdir ki, qardaşım Azərbaycanımızın ilk milli qəhrəmanlarındandır. Tanıyanlar onu “alovlu vətənpərvər” adlandırırdılar.
M.Əhmədova vurğulamışdır ki, bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. O, bu gün sanki yenidən həyata qayıtdı. Ona həsr olunmuş bu tədbir bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda canlarını fəda edənlər heç vaxt unudulmur.
Qəhrəmanın bacısı ailələri adından tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirmişdir.