Mingəçevirdə çoxmərtəbəli binanın şaxtasında elektrik kabellərinin alışması nəticəsində güclü tüstülənmə baş verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, yanğının genişlənərək mənzillərə keçməsinin qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Hadisə zamanı binada yaşayan sakinlər təxliyə ediliblər. Təxminən 20 nəfərə hadisə yerində, daha üç nəfərə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
Sakinlərin sözlərinə görə, yanğın beşinci mərtəbədəki elektrik şitindən başlayıb.
"Hay-küyü eşidib həyətə düşdüm. Gördüm ki, o biri blokdan tüstü çıxır. Elə bildik, ev yanır. Sonra dedilər ki, ev deyil, blokda olan şit yanıb", - deyə sakinlərdən biri bildirib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Mingəçevirdə binada baş verən yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Mingəçevirdə yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi ilə bağlı 3 nəfər sentyabrın 13-ü saat 15:30-da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"2 nəfərə (qadın) həyəcan və stress, 1 nəfərə (kişi) isə sol çiyin nahiyəsinin qapalı travması səbəbi ilə zəruri tibbi xidmətlər göstərilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar".