Mingəçevirdə günlərdir kanalizasiya suları küçəyə axır. Sakinlər bildirirlər ki, şəhərin Heydər Əliyev prospekti, 31 ünvanında günlərdir kanalizasiya quyularından daşan çirkab suları ərazidə antisanitar vəziyyət yaradıb.
Ərazidə yaşayan vətəndaşlardan biri günlərdir aidiyyəti qurumun qaynar xəttinə müraciət etdiklərini vurğulayıb:
"Neçə gündür zəng edirik. Ərazidən kəskin qoxu gəlir, pəncərələri açmaq olmur. Yay günlərində bu cür antisanitariya xəstəlik mənbəyidir. Təmiz hava əvəzinə pis qoxu uduruq".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda sözügedən ünvanda Mingəçevir Sukanal İdarəsinin əməkdaşları tərəfindən kanalizasiya xəttində baş verən qəza aradan qaldırılır.