Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap National Cup 2024" keçirilib
"MiniBoss Business School Baku"nun təşkilatçılığı ilə sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar arasında "Startap National Cup 2024" keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində on dörd komanda müxtəlif sahələr üzrə hazırladıqları biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdiriblər.
"MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova bildirib ki, bu gün komandalar ötən forumda təqdim etdikləri və onlara ayrılan qrantlarla ərsəyə gətirdikləri layihələrini münsiflər heyətinə təqdim ediblər:
"Hər dəfə olduğu kimi bu gün də keçirilən "Startap Forum" uşaqlara və yeniyetmələrə öz istedadlarını ortaya qoymağa kömək edən bir platformadır. Hər il "MiniBoss Business School"un şagirdləri öz layihələrini münsiflərə təqdim edirlər və layihələrinin layiq görüldüyü qrantları alırlar. Keçən forumda da ayrılan qrantların minimum məbləği 700 AZN, maksimum məbləğ isə 3000 AZN-dən çox olub. Həmin qrantlar vasitəsilə 17 komanda təqdim etdikləri layihələri artıq gerçəkləşdiriblər. Qeyd edim ki, bu il dünya çempionatı isə 30 iyun-1 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək. Bizim qalib komandalarımız öz layihələrini beynəlxalq arenada nümayiş etmək şansı əldə edəcəklər".
Münsiflər heyətinin üzvləri KOBİA-nın idarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişin Azərbaycan üzrə meneceri Samir Məmmədov, "Azercell"in Marketinq Meneceri Mərt Başar, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, "Boston Consulting Group" şirkətinin idarəedici direktor və tərəfdaşı Rza Nuriyev, ADA Universitetinin dövlət, xarici və tələbələrlə iş üzrə prorektorunun müşaviri Aygün Hacıyeva, "ZİRA Natural&Gourmet"in təsisçisi, sahibkar Afət Əhmədova uşaqların nümayiş etdiyi layihələri dinləyib və onları innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, eləcə də münsiflər heyətinin suallarını cavablama kimi meyarlar üzrə qiymətləndiriblər.
Komandalar aşağıdakı ardıcıllıqla öz layihələrini təqdim ediblər:
"Memory book"
"Lumeni"
"Explore Azerbaijan"
"Dill Buzz"
"Cashy"
"Special "Me"
"Flash skateboard"
"Khari Touch"
"Imagicubes"
"Meyvali"
"Connect & Care"
"Sketchio"
"LinguaPlay"
"Ecoleaf"
"Az-Bathty"
"Cultstick"
"Chaykhor"
Tədbirdə ən yaxşı müəllimə kimi Ülkər Əhmədova xüsusi vurğulanaraq şagirdlər üzərində çəkdiyi zəhmət yüksək qiymətləndirilib. Onun timsalında bütün müəllimlərin peşəkarlığı alqışlanıb.
Ekologiya, turizm, sosial, yüngül sənaye və digər sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib olub.
Müvafiq olaraq birinci yerə "Ecoleaf" (621 bal), ikinci yerə "Meyvali" komandası (564 bal), üçüncü yerə isə "Az-Bathty" komandası (548 bal) layiq görülüb.
Onu da vurğulayaq ki, "Ecoleaf" komandası artıq ikinci dəfədir çempionatın qalibi olur.
Bundan başqa, münsiflər altı nominasiya üzrə də qiymətləndirmə aparıb və komandalar aşağıdakı nominasiyalara layiq görülüblər:
"Ən yaxşı məhsul dizaynı" - "Cultstick"
"Ən yaxşı təqdimat" - "Explore Azerbaijan",
"Ən kreativ ideya" - "Flash skateboard"
"Ən innovativ ideya" - "Connect & Care"
"Ən yaxşı çıxış" - "Dill Buzz", "Memory book",
"Ən uğurlu brend adı" - "Cashy".
Çıxışlardan dərhal sonra startaplar üzrə ənənəvi "MiniBoss Bazar" da təşkil olunub.
Burada komandaların hazırladıqları məhsul və xidmətlər tədbir qonaqlarına nümayiş edilib və satışı həyata keçirə biliblər.
Xatırladaq ki, bu məhsulları "Gənclik Mall" Ticarət Mərkəzində təşkil olunan satış sərgisində 16 may -16 iyun tarixləri arasında əldə etmək mümkündür.
Qeyd edək ki, apreldə keçirilən forum çərçivəsində 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etmişlər və startaplar münsiflər heyəti tərəfindən dəyərləndirilərək müvafiq qrant ayrılmışdır. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olundu. Qeyd edək ki, təqdim olunan qrantlar minimal məbləğdə 700 AZN, maksimal isə 3100 AZN təşkil edirdi.
Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr təqdim edilib.
"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "MINIBOSS BUSINESS SCHOOL" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar arasında STARTUP Forumu, Milli və Dünya çempionatları təşkil edir. Xatırladaq ki, bu il dünya çempionatı isə 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli