Moskvanın Domodedovo hava limanında Bakıdan 92 min 435 avro məbləğdə pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə çıxarılmasına görə Azərbaycan vətəndaşı saxlanılıb.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəsmi saytı məlumat verir.
Hadisə sentyabrın 3-də baş versə də, bu barədə məlumat bir qədər gec yayılıb.
Məlumata görə, Moskva-Bakı reysi ilə Rusiyaya gəlmiş sərnişin bəyannamə verilməli olan heç bir malının olmadığını bildirərək, “yaşıl” dəhlizdən keçib. Lakin gömrük nəzarətini həyata keçirən Domodedovo gömrüyünün əməkdaşları azərbaycanlıda xeyli miqdarda nağd pul aşkarlayıblar ki, bu da Rusiya CM-in 200-cü maddəsinə görə cəzanın nəzərdə tutulduğu cinayət deməkdir, FGX-in saytı yazır.
Qaydalara əsasən, Rusiyaya 10 min dollardan çox məbləğdə olmayan pul vəsaitlərinin gətirilməsinə icazə verilir. Bu məbləğin iki dəfədən artıq aşılması “böyük məbləğdə”, beş dəfə aşılması isə “xüsusilə böyük məbləğdə” qanun pozuntusu deməkdir.
Beləliklə, azərbaycanlının Rusiyaya gətirdiyi pul “xüsusilə böyük məbləğdə” hesab olunur və buna görə də, indi o, ya qanunsuz gətirilmiş pulun 15 qatı məbləğində cərimə ödəməli (1 milyon 300 min avrodan çox), ya da dörd ilədək azadlığı məhdudlaşdırılmalı, yaxud dörd il müddətinə icbari iş cəzasına məhkum olunmalıdır.