Son günlər təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri müəllimlərin əməkhaqqı və iş mexanizminin dəyişdirilməsi ilə bağlıdır.
Yeni təklifə əsasən, müəllimlərin maaşı yalnız dərs yükünə görə deyil, məktəbdə keçirdikləri real iş saatlarına uyğun hesablanacaq. Bu yanaşma həm təhsil prosesinin təşkilinə, həm də müəllimlərin maddi təminatına təsir edəcək potensial islahat kimi qiymətləndirilir.
Cəmiyyətdə isə məsələ müxtəlif reaksiyalar doğurub. Bəziləri bunun daha ədalətli sistem yaradacağını, digərləri isə yeniliklərin maaşa necə təsir göstərəcəyini düşünür.
ABŞ-də fəaliyyət göstərən təhsil eksperti Qoşqar Məhərrəmov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, əməkhaqqının iş saatlarına əsasən müəyyənləşdirilməsi müəllimlərin ümumi maaşına müsbət təsir göstərəcək.
Ekspertin sözlərinə görə, hazırkı modeldə müəllim yalnız dərs saatına görə ödəniş alır və bu, real əmək sərfiyyatını əks etdirmir:
"Bu gün bəzi müəllimlər ay ərzində 7-20 manat kimi simvolik dərs saatı ödənişi ilə kifayətlənməli olurlar. Yeni sistemdə müəllimin məktəbdə keçirdiyi bütün vaxt - yəni həftədə 40 saat iş vaxtı kimi qəbul ediləcək. Həmin saatların hamısı ödənişli olacaq. Bu da aylıq maaşın orta hesabla 1200 manat civarında formalaşmasına səbəb ola bilər".
Ekspertin sözlərinə görə, yeni model həmçinin məktəblərdə intizamı və peşəkarlığı artıracaq, repetitorluğa həddindən artıq yönəlmənin qarşısını alacaq.
"Hazırda bəzi müəllimlər məktəbə yalnız özəl hazırlığına şagird toplamaq məqsədilə gəlirlər və faktiki olaraq günün böyük hissəsini repetitorluğa ayırırlar. İş saatına əsaslanan modeldə müəllim tam iş gününü məktəbdə keçirməli olacaq. Bu isə tədris prosesinə daha çox fokuslanmanı təmin edəcək".
Qoşqar Məhərrəmov əlavə edib ki, dünyada, o cümlədən ABŞ və bir çox Avropa ölkələrində müəllimlər uzun illərdir tam iş saatı ilə çalışır və bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərib.
Ekspert hesab edir ki, yeni sistem müəllimlər arasında differensial maaş almanı da gücləndirəcək:
"Təcrübə, bilik səviyyəsi, sertifikat nəticələri nəzərə alınmalıdır. Hamının eyni maaş alması doğru deyil. Ədalətli əməkhaqqı mexanizmi həm motivasiyanı, həm də məktəblərdə kadr keyfiyyətini artıracaq".
Q.Məhərrəmov sonda vurğulayıb ki, bu modelin səmərəli işləməsi üçün məktəblərdə müəllimlərə ofis tipli iş şəraiti yaradılmalı, iş saatlarının uçotu dəqiq aparılmalıdır:
"Məktəb yalnız dərs keçirilən yer deyil, müəllimin iş mühitidir. Bu dəyişiklik tətbiq olunarsa, müəllim həm dərsə hazırlaşa, həm iclaslarda iştirak edə, həm də valideynlərlə işləyə biləcək. Bu da təhsil sisteminin keyfiyyətinə ciddi töhfə verəcək".
Məhərrəm Əliyev