Ermənistanın Tavuş rayonunun üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu informasiya Ermənistan mətbuatında yayılıb.
Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib.
Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib.
Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Tavuş rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub.
Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb.
Lakin əlavə edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, atəşkəsi Azərbaycan tərəfi pozub və cavab atəşindən sonra atışma dayanıb və bəzi kəndlərdən əhalinin evakuasiya edilməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir.
Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçiblər. Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur edib. Əlibəyli sakinləri hələ indiyə qədər belə gülləbaran olmadığını məlumat veriblər.