Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müharibəyə Kəlbəcərdən başlayan komandir: "Tovuzlu əsgərimin anasına dedikləri hələ də qulağımdadır"
"Şuşanın alınma xəbərini əsgərim verdi mənə. Əlində radio gəldi ki, "komandir, Şuşa azad olunub". O an mənim üçün ən böyük hadisə idi. İnana bilmirdim ki, Şuşa alındı... Şuşa bizdədir. İnanılmaz hisslər idi".
Bunu Oxu.Az-a videomüsahibəsində Kəlbəcər, Füzuli, Xocavənd istiqamətində döyüş yolu keçən Elvin Zakir oğlu Manafov deyib.
44 günlük Vətən müharibəsində iştirak edən veteranımız videomüsahibədə döyüş xatirələrindən, haqq savaşındakı çətin anlardan danışıb.
Videomüsahibədən bəzi fraqmentlər:
- Sizə görə, ən ağır döyüş harada baş vermişdi?
- Kəlbəcər istiqamətində. Döyüşə ilk o istiqamətdən başladığımız üçün çox ağır gəldi. Bizdən üst mövqelərdə ermənilər idi deyə onları üstələmək mümkünsüz idi. Belə olanda biz mövqeyimizi dəyişdik. Müdafiə xəttini seçməli olduq və ondan sonra digər istiqamətlərdən döyüşü davam etdirdik.
- Hərbçi üçün müharibə nədir?
- Hər bir hərbçi bilir ki, o, vətənə xidmət edir. Buna görə ölmək isə məncə, şərəfdir.
- Ölümlə harada burun-buruna gəldiniz? Yəni düşündünüz ki, artıq bitdi, geriyə yol yoxdur...
- Əslində, ölümlə hər saniyə burun-buruna gəlmək mümkün idi. Amma ölümü hiss etdiyim məqam Füzuli istiqamətində oldu. Qarşı tərəf minaatanla atəşə tutanda biz bir daşın arxasında səhərə kimi qaldıq və düşündük ki, artıq bizim üçün hər şey bitdi. Buradan çətin çıxarıq. Bu, sondur. Kəlmeyi-şəhadətimizi dedik və düşündüm ki, bizimki elə buraya qədər imiş.
- Bəs necə çıxdınız o situasiyadan?
- Bilmirəm. Təsadüfmü deyim, qismətmi deyim... İki sutka qaldıq o ərazidə. Həmin an bizim dronumuz uçurdu, düşmən o istiqaməti tutanda biz yuxarıdan aşağı mövqeyə enərək sürünə-sürünə o ərazidən çıxdıq... Bizi ən çox yandıran susuzluq idi. Yemək də yox, ancaq susuzluq. Baxmayaraq ki, həmin vaxt qış ərəfəsi idi, amma havalar isti keçirdi.
- Sizi ən çox nə sıxırdı?
- Nə sıxırdı?... (dalır) Əslində, sıxılacaq bir şey yox idi. Anamı çox düşünürdüm, bilirdim ki, anam narahatdır...
- Müharibədə taqım komandiri olmusunuz. Heç yadınızdan çıxmayan əsgəriniz varmı?
- Var, var, əlbəttə, var. Tovuzdan bir əsgərim var idi. Onun evlə danışığı qulağımdadır. Deyirdi, "ana, məktəbdə oxumamışam, universitetə girməmişəm deyə həmişə deyirdin ki, mən belə, mən elə... İndi inşallah ki, mən burada şəhid olsam, sən ürəklə, fəxrlə danışacaqsan mənim haqqımda..." Düzdür, o an onun danışığı bizi güldürdü, amma deyim sizə ki, həqiqətən də, döyüş zamanı biz onu aşağı sala bilmirdik. Sanki can atırdı ki, şəhid olsun...
Əzizə İsmayılova
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Müzəffər Ordumuzun şanlı ZƏFƏR PARADININ DÖRDÜNCÜ İLİ
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- Fuat Oktay: "Bakını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
Rəylər