Münhendə atışma nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”, - deyə XİN sözçüsü bildirib.
10:35
“Azərbaycanın Almaniyadakı səfirliyi Münhendə atışmanın qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır”.
Bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, səfirliyin diplomatları Almaniyanın müvafiq strukturları ilə daimi əlaqədədirlər.
Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb.