Hər gün Facebook-a daxil olarkən, dostlarımdan kiminsə Nabranda baş vermiş faciədə, bu faciədə ayaqlarından birini tam itirmiş, digərini ciddi zədələmiş İmran Cəfərzadə ilə bağlı statuslarını görürdüm. Dostlarım günahkarlar axtarır, kimlərisə ittiham edirdilər. İnsanlar çox, fikirlər müxtəlif idi.
Bu hadisə ölkədə böyük rezonans doğurdu. Aparılmış təhqiqat göstərdi ki, nasosun borusunun qarşısında qoruyucu çərçivə olmayıb. İstirahət mərkəzinin əməkdaşları günahkardırlar, təhlükəsizlik qaydalarını pozublar, istirahət edənlərin həyatına təhlükə yaradıblar. Amma. Təkcə onlar günahkardırılarmı? Bəlkə yalnız onlar deyil, biz hamımız günahkarıq?
Bu mənim Nabrandakı faciə ilə bağlı ilk və yəqin ki, sonuncu məqaləmdir. Və bu məsələdə mövqeyim ondan ibarətdir ki, günah bizlərin hər birində, bizim düşüncə tərzimizdədir.
Mövqeyimi ətraflı izah etməyə çalışacağam.
1. Məlum olduğuna görə, uşaq, böyüklər üçün nəzərdə tutulmuş hovuzda çimirmiş, buna isə icazə verilmir, çünki, uşaqlar, xüsusilə də 2 yaşlı uşaq üçün nəzərdə tutulmuş xüsusi hovuz var. Lakin İmranın valideynləri öz oğulları ilə birgə çimmək istədilər və bütün təhlükəsizlik qaydalarına biganə münasibət sərgilədilər. İstirahət mərkəzinin əməkdaşları bəlkə də bununla bağlı onlara xəbərdarlıq ediblər, bəlkə də etməyiblər, lakin “əşşi, heç nə olmaz, uşaq bizimlədi və s.” tipli cavablar alacaqlarını güman edərək, sonadək getməyiblər, İmranın uşaqlar üçün nəzərdə tutulmuş hovuza göndərilməsini tələb etməyiblər. Buna görə də, bu məsələdə bir azərbaycanlı ailəsi kimi valideynlər də günahkardırlar, çünki bizim cəmiyyətin üzvləri təhlükəsizlik qaydalarına get-gedə daha biganə münasibət göstərirlər.
2. Əlbəttə, istirahət mərkəzinin əməkdaşları günahkardırlar, çünki daim təhlükəsizlik qaydalarına riayət olunmasına nail olmaq lazımdır. Hətta qonaqlar istirahət mərkəzini tərk edəcəkləri ilə bağlı hədəsələr, onların gedişi ilə gəlirlərini itirsən belə sonadək getməlisən – qoy qonaqların bir hissəsi getsinlər, lakin mənfəətə görə öz adınla risk etməyə dəyərmi? Öz peşəkarlığını göstərərək, insanların daim keyfiyyətli xidmətlərə üstünlük verdiklərini unutma. Hər kəsə göstər ki, sən, peşəkarsan və öz işinə məsuliyyətlə yanaşırsan – bütün bunları edən istirahət mərkəzinin ziyarətçilərlə heç bir problemi olmayacaq. Lakin onlar bunu etmədilər, çünki bizimlə, 2 yaşlı İmranın valideynləri ilə eyni cəmiyyətdə yaşayırlar.
3. İstirahət mərkəzinin təhlükəsizlik qaydalarına çox biganə yanaşan digər ziyarətçiləri də günahkardırlar. Belə ki, dünən istirahət mərkəzində çəkilmiş videoda oranın əməkdaşı nasosun borusunu bağlamalı olan toru göstərir və bildirir ki, istirahət edənlər özləri onu götürür, ayaqlarının altına qoyurlar ki, hovuzdan rahat çıxa bilsinlər... Və biz yenə də təhlükəsizlik qaydalarına etinasız münasibətin şahidi oluruq.
Bu faciə hadisənin bütün iştirakçılarının sadə təhlükəsizlik qaydalarına çox biganə, etinasız münasibət göstərmələri səbəbindən baş verdi.
Bizlər, azərbaycanlılar gözəl xalqıq, lakin hansı səbəbdənsə indiyədək təhlükəsizlik qaydaları haqqında düşünmək istəmirik – tikintidə işləyərkən dəbilqəsiz gəzir, dənizdə çimərkən məhdudiyyət xəttini aşır və bunu əla hərəkət sayır, yolu haradan gəldi keçir, maşını normal sürətlə idarə etmək, təhlükəsizlik qaydalarını pozmamaq istəmirik. Hətta orduda da, silahların içində də təhlükəsizlik qaydalarına əməl etmirik və hər gün itkilərin artmasından şikayətlənirik.. Əgər bizim sürücülərin və sərnişinlərin əksəriyyəti təhlükəsizlik kəmərini yalnız cərimələnməmək üçün taxırlarsa, daha nədən danışmaq olar?
Biz, böyüklər təhlükəsizlik qaydalarına əməl etmək istəmədik və böyüməkdə olan nəsilə pis nümunə göstərməklə yanaşı, hərəkətlərimiz Nabranda 2 yaşlı, heç bir günahı olmayan oğlanın əlilliyinə gətirdi.
Və əlbəttə, bu məsələdə vahid bir bütöv kimi çıxış edən dövlətə, cəmiyyətə təşəkkür etmək lazımdır ki, dərhal uşağın köməyin çatdılar, pul topladılar, günahkarların cəzalandırılmasını tələb etdilər, bütün bunlar yalnız fəxarət hissi doğurur. Lakin gəlin unutmayaq ki, təhlükəsizlik qaydalarına əməl etməmək faciələrə səbəb olub, unutmayaq ki, biz insanlarıq, vətəndaşlarıq və qaydalar yalnız bizim təhlükəsizliyimiz üçün yazılıb. Belə bir ifadə var – “adam kimi istirahət etmək”... Çalışaq bu qaydaya həm istirahətdə, həm də gündəlik həyatda əməl edək.
Elvin Şirinli
Oxu.Az-ın redaktoru