Naxçıvanın Babək rayonunun Buzqov, Payız və Cəhri kəndlərinə yağan intensiv yağış Cəhri çayında selə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində təsərrüfatlara və əhaliyə ziyan dəyməyib.
Rayon sakinlərinin sözlərinə görə, bu kimi hallarda çaylarda artan sudan səmərəli istifadə etmək olar. Belə ki, çayın keçdiyi ərazilərdə sututarlar və su anbarları tikmək mümkündür. Adi hallarda və ya sel zamanı çaydan axan suları orada toplamaq, daha sonra ehtiyac duyulduğu qədər ondan təsərrüfatlarda istifadə etmək olar.
Qeyd edək ki, Cəhri çayı Naxçıvanın ən uzun çayıdır və Babək rayonunun Yuxarı, Aşağı Buzqov, Payız, Gülşənabad və Cəhri kəndlərindən keçərək Naxçıvan çayına birləşir, daha sonra isə Araz çayına tökülür.