Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazir: “Azərbaycan səhiyyəsi proseslərin arxasında deyil, önündə gedir” - VİDEO
“Başqa ölkələrlə müqayisədə Azərbaycanda xəstələrin sayı çox azdır. Ümid edirik ki, bu rəqəmlər belə də qalacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın koronavirusla mübarizə aparması üçün güclü ehtiyat bazası var:
“Biz istəməzdik ki, gələcəkdə vəziyyət ağırlaşmaya doğru getsin. Lakin elə bir vəziyyətlə qarşılaşsaq, ölkə səhiyyəsinin güclü bazası var. Hər ehtimala qarşı alternativ variantlar var. Vəziyyət dəyişərsə, xəstəxanalarda xüsusi palataların, çarpayıların sayı artırıla bilər. Əlavə xəstəxanalar ayrıla bilər.
Sahə üzrə mütəxəssislərdən xüsusi briqadalar yaradılaraq gücləndirilmiş iş rejimində çalışan müəssisələrə lazımi yardım göstərilə bilər. Biz hər şeyə hazırıq. Bəzi ölkələrdə xəstələrin sayına baxaraq, Azərbaycanda da vəziyyətin o həddə çatmasını istəmərik. Hətta Ümumdünya Səhiyyə Təşkilatı mövcud vəziyyətlə bağlı Azərbaycandakı vəziyyəti müşahidə etdikdə təəccübləndi. Çünki onların vermək istədiyi tövsiyə və tədbirlər artıq ölkə ərazisində tətbiq olunurdu. Azərbaycan səhiyyəsi proseslərin arxasında deyil, önündə gedir”.
Könül Cəfərli