Bu gün Azərbaycan əhalinin 1,3%-lik illik artımına görə Avropa məkanında ilk yeri tutur.
Əhali sayının 9 milyon 666 min nəfərə çatdığı ölkədə sosial rifah səviyyəsinin getdikcə yaxşılaşması, səhiyyə sisteminin təkmilləşməsi, doğulanda gözlənilən ömür uzunluğunun da artaraq ötən il üçün 74,2 yaş, o cümlədən kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil etməsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda səfərdə olan BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşündə bildirib.
“Həmçinin körpə ölümü halları 1990-cı illə müqayisədə təqribən 2 dəfədən çox aşağı düşüb. Eləcə də 2000-ci illə müqayisədə körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 16,4-dən 2014-cü ildə 10,2-ə qədər azalıb”, - deyə nazir çıxışında qeyd edib.
S.Müslümov Azərbaycanda ölümün səviyyəsinin nisbətən aşağı və sabit səviyyə ilə səciyyələndiyini bildirib:
“Lakin çoxsaylı insan ölümünə səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdı. Sonrakı illərdə Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalmış və 2014-cü ildə əhalinin hər 1000 nəfərinə 5,9 nəfərə enmişdir”.
Ülviyyə R. Əli
www.oxu.az