"Bəzi kənd məktəblərində müəyyən fənlər, xüsusilə musiqi və təsviri incəsənət üzrə müəllim çatışmazlığı mövcuddur. Amma məsələ sistem xarakterli deyil. Məsələn, cəmi altı saat kimya dərsi olan bir məktəb müəllim üçün cazibədar deyil. Bu səbəbdən həmin məktəblərə müəllim cəlb etmək çətinlik yaradır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu problemi həll etmək üçün mövcud metodologiyanı dəyişmək lazımdır:
"Təkcə saathesabı maaşla bu çətinlik aradan qalxmır. Əgər daha effektiv alternativ model təklifləri varsa, biz onları dinləməyə tam hazırıq. Bizim də öz yanaşmamız var və hesab edirik ki, bu model Azərbaycan təhsili üçün faydalı olacaq.
Sözügedən dəyişikliklər qısa müddətdə həll edilə biləcək məsələ deyil. Bu, onillərlə formalaşmış sistemin problemidir və həll prosesi mərhələli şəkildə həyata keçirilməlidir. Təbii ki, bütün dəyişikliklər geniş ictimai müzakirələrdən keçməlidir.
Məqsədimiz də məhz bu dəyişikliyi vaxtında elan etməkdir ki, müzakirələr aparılsın və nəticədə qəbul ediləcək model müəllimin həyatını yaxşılaşdırsın".
Məhərrəm Əliyev