Təhsil Nazirliyi Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin aksiya keçirməsinə aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a bildirib ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan videogörüntü 25 aprel tarixinə aiddir:
“Belə ki, K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb. Təhsil nazirinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib”.
“Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək, bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb. Hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, mətbuatda Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin yeni direktor təyin olunduğuna görə aksiya keçirdikləri barədə məlumat yayılıb.
İlhamə Əbülfət
Rəylər