Azərbaycanda əlil gənclərlə bağlı infrostruktur yaradılmalıdır. Bizdə əlillər evdən çıxaraq sərbəst hərəkət edə bilmirlər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Mən xaricdə əlil şəxsləri görəndə düşünürdüm ki, Azərbaycanda əlillərin sayı azdır, bizdə fiziki cəhətdən sağlam insanlar çoxluq təşkil edir. Sonra anladım ki, bizdə bu insanların rahat hərəkəti üçün əlverişli şərait yoxdur”.
O, bildirib ki, əlil gənclər üçün Sumqayıtda bir sıra layihələr həyata keçirilir.
“Biz bu ildən bu işlərə başlamışıq. Əlillərin sosiallaşması üçün nazirlik tərəfindən müxtəlif tədbirlər görülür. Sosiallaşma üçün festivalar təşkil olunur, qeyri-hökumət təşkilatları vasitəsilə bu sosiallaşma prosesi həyata keçirilir. Əlillər təhsilə cəlb olunur, xüsusən də, peşə təhsilinə önəm verilir”.