Səhiyyə naziri Oqtay Şirəliyev 2-ci qrup əlil, Bakının mərkəzində özünü yandırmağa cəhd göstərərkən xəsarət almış Zaur Həsənovu ziyarət edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, nazir zərərçəkən şəxsin həyatının xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi barədə əmr verib.
Xatırladaq ki, dekabrın 25-də, çərşənbə günü Bakının mərkəzində intihara cəhd olub.
Səbail rayon Polis İdarəsindən bildiriblər ki, 2-ci qrup əlil Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqının binası qarşısında üzərinə benzin tökərək, özünü yandırmağa cəhd edib. Ərazidə növbə çəkən polislər alovu söndürərək, Z.Həsənovun həyatını xilas ediblər. O, güclü yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan CM-in 125-ci maddəsi (intihar həddinə çatdırma) üzrə cinayət işi qaldırılıb, araşdırma aparılır.