Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi internat evlərinin (nazirliyin tabeliyindəki) nizamnamələrində yeniliklər edir.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, hazırda ƏƏSMN-nin tabeliyində 18 yaşdan yuxarı şəxslər üçün Şamaxı 1 saylı, Göygöl 8 saylı və Buzovna 9 saylı, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün Şaqan 3 saylı və Saray 7 saylı internat evləri fəaliyyət göstərir. Həmin internat evlərinin ötən əsrin 70-ci illərindən qalan və indiyədək heç bir dəyişiklik aparılmayan nizamnamələri bu müəssisələrdə yaşayan şəxslərə münasibətdə sovet dönəmindən qalma yanaşmaları əks etdirir, onlar üçün daha çox stasionar şəraitin təmin edilməsini, məhdud çərçivədə tibbi və reabilitasiya xidmətlərini nəzərdə tuturdu.
Bundan sonra isə qeyd olunan şəxslərə göstərilən tibbi və sosial xidmətlərin çeşidləri artırılmaqla, onların çoxşaxəli reabilitasiya tədbirlərinə (peşə reabilitasiyası, əmək terapiyası və s.) cəlb edilməsi də təmin ediləcək.
“Eyni zamanda, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində hər bir uşaqla bağlı onun sağlamlıq imkanları məhdudluğunun ağırlıq dərəcəsinə uyğun fərdi iş planı tərtib olunacaq” - deyə, nazirliyin məlumatında vurğulanır.
ƏƏSMN-dən verilən məlumata görə, yeni nizamnamələrdə ƏƏSMN-nin tabeliyindəki internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik edilib:
“Belə ki, nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evləri artıq “Ağıldankəm uşaqlar üçün internat evi” kimi deyil, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi”, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evləri isə artıq “Ruhi-əsəb əlilləri üçün internat evi” kimi deyil, “Psixonevroloji internat evi” adlanacaq”.