Ali məktəblərdə idman fənninin ləğv edilməsindən söhbət gedə bilməz. Əksinə, daha dərinləşmiş idmanla məşğul olmaq məsələsi gündəmə gəlir.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycanın Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, universitetlərdə idman klubları yaradılacaq ki, bu da tələbələrə idmanla daha peşəkar məşğul olmağa şərait yaradacaq:
“Universitetlərdə bədən tərbiyəsi dərsləri adətən formal keçirilirdi. Formallıq ondan ibarət idi ki, tələbələr öz maraqlarına uyğun fokuslaşa bilmirdilər. Kimsə voleybol oynamaq, kimsə oxu zalında dərs oxumağa üstünlük verirdi.
Bütün tələbələrin bir maraq qrupunda birləşməsi absurd olardı. Təhsil Nazirliyi də bu məsələni əsas götürərək bu ildən başlayaraq bədən tərbiyəsi ixtisasını maraq qruplarına uyğun olaraq formalaşdırmaq ənənəsinə başladı.
Bu, bilavasitə universitetlərdə idman klublarının yaradılması, həmin klublara tələbələrin maraq qruplarına uyğun yazılması prosesidir” - deyə, mətbuat xidmətinin rəhbəri bildirdi.
Nazirliyin rəsmisi bildirir ki, bu təcrübə dünya praktikasında da mövcuddur. Peşəkar idmançılar da məhz idman klublarında formalaşır:
“Bir məqamı da qeyd edim ki, ABŞ-da və digər ölkələrdə olimpiada qalibləri heç də idmanı universitetlərdə öyrənməyiblər. Professional olaraq həmin universitetlərin nəzdində yaradılmış idman klublarında məşğələlər keçməklə məşğul olurlar.
Onların da müəllimləri də həmin idman klublarında məşqçi olaraq çalışırlar. Biz də bu məsələni nəzərə almaqla, idman klublarının yaradılmasına başlayacağıq”.
Ülviyyə R. Əli
www.oxu.az